Heydər Əliyev Fondunun şöbə müdiri: Talıstan Liseyi ən müasir tələblərə cavab verir

İsmayıllı rayonunda inşa edilmiş Talıstan Liseyi ən müasir tələblərə cavab verir.

“Report”un İsmayıllıya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi ölkədə elm və təhsilin inkişafına töhfə verməkdir:

“Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən ölkənin Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında bir çox sahələrdə uğurlu layihələr həyata keçirib. Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də sözsüz ki, elm və təhsil sahəsidir. Bu çərçivədə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına start verilib.

Cəmil Əliyev

Bəhs olunan proqram çərçivəsində ölkənin bütün ərazisində, hətta ucqar dağ kəndlərində belə yeni məktəb binaları tikilərək tam müasir avadanlıqlarla təchiz olunub. Ehtiyac olduğu hallarda mövcud məktəblər əsaslı təmir və bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həyata keçirilən son layihələrimizdən biri də dövlət başçısının iştirakı ilə açılışı keçirilən Talıstan Liseyidir.

1296 yerlik məktəb dörd mərtəbə və beş korpusdan ibarətdir. Liseydə kimya, biologiya, fizika laboratoriyaları, informatika otağı, kitabxana, yeməkxana, idman zalı və 300 nəfərlik akt zalı fəaliyyət göstərir. Qeyd edim ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu proqramın əsas məqsədi ölkədə elm və təhsilin inkişafına töhfə vermək, şagirdlərin, gənclərin sağlam və keyfiyyətli şəraitdə təhsil almasına nail olmaqdır”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More