BMT-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında Azərbaycanın 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, tədbirdə BMT-nin müxtəlif qurumlarının yüksəkvəzifəli nümayəndələri, eləcə də təşkilata üzv bir çox dövlətlərin səfirləri və diplomatları iştirak ediblər.

Gecə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin ikinci katibi Nigar Bayramlının moderatorluğu ilə baş tutub. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Tofiq Musayev çıxışında ölkəmizin zəngin tarixi irsi, müstəqillik uğrunda mübarizəsi və BMT ilə əməkdaşlığı barədə danışıb. O bildirib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dünyəvi, demokratik və parlament idarəetmə formasına malik ilk müsəlman dövləti olub. Cəmi 23 ay mövcud olan Cümhuriyyət qadınlara səsvermə hüququ verməklə və insan hüquqlarını təmin etməklə dövrünün bir çox ölkələrindən irəlidə olub.

Diplomat vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan BMT-nin məqsəd və prinsiplərini dəstəkləyərək təşkilatın müxtəlif sahələrində, o cümlədən davamlı inkişaf, insan hüquqları, beynəlxalq sülh və təhlükəsizlik istiqamətində fəal əməkdaşlıq edir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, ECOSOC və İnsan Hüquqları Şurasının üzvü kimi beynəlxalq platformalarda da fəal iştirak edib.

Səfir qeyd edib ki, bu il Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpasının beşinci ildönümü, eyni zamanda ölkə Konstitusiyasının qəbul olunmasının 30 illiyidir. Bu münasibətlə Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan edib.

Sonda səfir bu əlamətdar gündə Azərbaycanın yanında olan dost ölkələrin nümayəndələrinə təşəkkürünü bildirib.

Tədbirin keçirildiyi məkanda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən ibarət sərgi də təşkil olunub. Sərgidə nümayiş olunan bir çox orijinal sənədlər tarixçi və araşdırmaçı Dilqəm Əhmədin şəxsi arxivindən təqdim edilib.

Gecədə Nyu-Yorkda fəaliyyət göstərən “Mənim yolum” Uşaq və Gənclərin inkişaf mərkəzinin istedadlı üzvləri tərəfindən “Tərəkəmə” rəqsi ifa olunub. Həmçinin tanınımış ifaçılar Röya Miriyeva və Rizvan Əliyev “Sarı gəlin”, “Yaşa, Azərbaycan”, “Mənim xalqım” və digər məşhur musiqi parçalarını səsləndiriblər.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More