ABŞ-nin Nyu-York şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər və fotolardan ibarət sərgi təşkil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, sərgi ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə baş tutub. Sərgidə nümayiş olunan orijinal sənədlər və fotolar tarixçi, araşdırmaçı Dilqəm Əhmədin şəxsi arxivindən təqdim olunub.
D.Əhməd sərginin keçirildiyi məkanda ABŞ-də təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb. O, 2014-cü ildən bəri müxtəlif aksiyalarda əldə etdiyi, Azərbaycan Xalq Cümhuriyyətinin öncüllərinə dair topladığı zəngin arxiv materialları barədə gənclərə məlumat verib.
Sərgidə cümhuriyyət dövrünə aid bir sıra unikal eksponatlar nümayiş olunub. Bunlara Azərbaycan Xalq Cümhuriyyətinin xaricdə təhsil alması üçün göndərdiyi 100 tələbəyə verilmiş orijinal pasportun surəti, 23 ay mövcud olmuş dövlətin qəbul etdiyi qərarların əlyazma eskizləri, Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin fotoları və nadir sənədlər daxildir. Sərgidə həmçinin, 107 il əvvəl Cümhuriyyətin elan olunduğu Gürcüstanın Tiflis şəhərindən çəkilmiş tarixi fotolar da yer alıb.
D.Əhməd bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etməklə, türk dünyasında və müsəlman Şərqində ilk Xalq Cümhuriyyətini quraraq mühüm tarix yazıb. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində ölkənin ərazi bütövlüyünü və sərhədlərini qorumaq istiqamətində ciddi addımlar atıb.
D.Əhməd tələbələrin ünvanladığı sualları da cavablandırıb. O, həmçinin qeyd edib ki, ən böyük arzusu şəxsi kolleksiyasına daxil olan əşyalar əsasında Cumhuriyyət Muzeyi yaratmaqdır.
Mənbə: Report.Az
Comments are closed.