Bakıda “Zorakılığa yox” adlı sərginin açılışı olub

Bakıda İsveçin Azərbaycandakı səfirliyinin təşkil etdiyi “Zorakılığa yox” adlı sərginin açılışı olub.

“Report” xəbər verir ki, ekspozisiyada uşaqlara zorakılıq tətbiq etmədən sevgi və hörmət göstərməyin vacibliyini vurğulayan məşhur İsveç yazıçısı Astrid Lindqrenin sitatları yer alıb.

Xüsusi diqqət onun tərbiyə haqqında fikirlərini bölüşdüyü “Zorakılığa yox” adlı təsirli nitqinə yönəlib.

Sərgidə həmçinin İsveç rəssamı Stina Virsenin A.Lindqrenin müraciətlərini vizual olaraq canlandıran illüstrasiyaları da yer alıb.

Tədbirin məqsədi cəmiyyətin diqqətini uşaqlara qarşı zorakılıq probleminə cəlb etmək, uşaqların qəddar rəftardan qorunması haqqında ictimai dialoqu təşviq etməkdir.

Sərginin açılışında İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson giriş nitqi ilə çıxış edib.

O, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bu təşəbbüsün əhəmiyyətini vurğulayıb.

“Bu gün bizə bütün dünyada uşaqları qorumağın, dəstəkləməyin və onları dinləməyin nə qədər vacib olduğunu xatırladır. Sərgi İsveç İnstitutu tərəfindən hazırlanıb və burada məşhur İsveç yazıçısı Astrid Lindqrenin 1978-ci ildə söylədiyi “Zorakılığa yox” nitqindən vacib fikirlər təqdim olunur. O, uşaqları sevgi və hörmətlə necə tərbiyə etməyin lazım olduğu barədə danışırdı. Təəssüf ki, bu qədər əvvəl deyilmiş sözlər hələ də aktualdır”, – diplomat bildirib.

Tədbirdə həmçinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova da çıxış edərək Azərbaycanda uşaqlara xüsusi münasibətin olduğunu qeyd edib: “Ölkəmizdə uşaqların tərbiyəsi məsələsinə xüsusi həssaslıqla yanaşılır. Biz onların təhsilinə və tərbiyəsinə diqqət yetiririk. Uşaqlara qarşı zorakılıq problemi obyektiv yanaşma tələb edir”

Foto: Zaur Mustafayev

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More