Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Akif oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyi planlaşdırıb. O, 2024-cü ilin dekabrın 28-də avtomobillə sinaqoqa yaxınlaşıb. Daha sonra “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşyalarla sinaqoqa hücum etməyə hazırlaşıb.
Abdulla Əliyev sinaqoqa hücuma hazırlaşan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat zamanı onun üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.
Müttəhim Abdulla Əliyev ittiham üzrə özünü təqsirli hesab etməyib. O bildirib ki, hadisə baş verən zaman anlaqsız vəziyyətdə olub.
Məhkəmənin növbəti iclası iyulun 14-ə təyin olunub.
Qeyd edək ki, Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.
Mənbə: Report.Az
Comments are closed.