Ukrayna enerji çatışmazlığı vəziyyətində Norveçdən 1 milyard avro dəyərində qaz idxal etməyi planlaşdırır.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.
O, Rusiyanın qaz anbarlarına və infrastruktura hücumları səbəbindən qaz hasilatının azaldığını xatırladıb və qeyd edib ki, növbəti istilik mövsümü üçün kifayət qədər mavi yanacaq olmaya bilər:
“Biz bəzi imkanları itirmişik, onlar bərpa olunur. Bununla belə, biz energetika naziri German Qaluşenko ilə razılaşdıq ki, qaz təchizatını tam bərpa edə bilməsək, bu kəsiri ödəmək üçün imkanlar axtaracağıq”.
Zelenski zərurət yaranarsa, Norveçdən bir milyard avro dəyərində qaz idxalı ilə bağlı prinsipial razılığın əldə olunduğunu vurğulayıb.
“Mən Norveçin Baş naziri Yonas Qar Stor ilə görüşdüm. Biz əvvəllər Ukrayna üçün vacib olan bir neçə məsələni müzakirə etmişdik. Mən ondan qazla bağlı müsbət siqnal aldım”, – Zelenski bildirib.
Mənbə: Report.Az
Comments are closed.