Gürcüstanın xarici İşlər naziri Maka Boçorişvili Türkiyə xarici işlər nazirinin müavini Beris Ekinci ilə strateji əməkdaşlıq və regional sabitlik məsələlərini müzakirə edib.
“Report”un yerli bürosunun məlumatına görə, görüş Gürcüstan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər arasında xüsusi dostluq və strateji tərəfdaşlıq münasibətləri yüksək qiymətləndirilib. Bildirilib ki, ölkələr arasında yüksək səviyyəli səfərlərin artması və bu ilin iyulunda Tbilisidə keçiriləcək Hökumətlərarası Birgə İqtisadi Komissiyanın sessiyası əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.
Tərəflər xüsusilə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatında əməkdaşlığın əhəmiyyətinə toxunublar. Qeyd olunub ki, bu format çərçivəsində həyata keçirilən strateji layihələr, o cümlədən “Orta Dəhliz” təşəbbüsü, regionun iqtisadi və nəqliyyat potensialının tam reallaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Müzakirə zamanı regionda təhlükəsizlik mühiti və regionun davamlı və sabit inkişafı üçün Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əhəmiyyətinə toxunulub. Gürcü nazir Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və bu prosesə töhfə verməyə hazır olduqlarını bildirib.
Mənbə: Report.Az
Comments are closed.