Müasir dünyada müstəmləkə siyasətinin nəticələrinin aradan qaldırılması üçün elmi əsaslı yanaşmalara və tənqidi təhlilə əsaslanmaq lazımdır.
“Report”un məlumatına görə, bunu BMT-nin Afrika mənşəli şəxslərin işləri üzrə Daimi Forumunun üzvü Cun Kristin Mari Somer (June Christine Marie Soomer) Bakıda keçirilən “İmperiya quruluşu: müstəmləkəçiliyin ideologiyaları və reallıqları” mövzusunda beynəlxalq elmi konfransda bildirib.
Onun sözlərinə görə, elm imperiya və müstəmləkəçiliyin dağıdılmasının əsasında durmalıdır.
O qeyd edib ki, tarixi faktlara əsaslanaraq görünür ki, elm çox güclü silahdır.
“Tarixən elm tez-tez istismarı asanlaşdıran bir alət kimi istifadə olunub – onun köməyi ilə müstəmləkələşdirilmiş xalqlardan biliklər çıxarılıb, sonra isə bu biliklər üstünlük və natamamlıq dixotomiyası çərçivəsində şərh edilib. İstismar həmçinin Karib hövzəsinin kölələşdirilmiş xalqlarından, Amerikanın yerli xalqlarından və dünyanın bir çox digər yerlərindən intellektual nailiyyətlərin və oğurlanmış innovasiyaların mənimsənilməsində özünü göstərib. Və mən vurğulamalıyam ki, məhz bu sistemli istismar və dağıntılar müstəmləkələşdirilmiş xalqların öz innovativ potensialını açmağa imkan verməyib. Bu, bu günə qədər üzləşdiyimiz sərt reallıqlardan biridir”, – deyə o bildirib.
Cun Kristin Mari Somer vurğulayıb ki, indiki və keçmiş müstəmləkə ərazilərinin potensialını tam açmaq üçün elmdən istifadə etməyin vaxtı çatıb.
Mənbə: Report.Az
Comments are closed.