Dövlət Departamenti: Rusiya-Ukrayna danışıqlarının uzanmayacağını gözləyirik

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin aylarla və ya illərlə uzanmayacağını gözləyir.

“Report”un məlumatına görə, bunu Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Temmi Brüs keçirdiyi brifinqdə deyib.

“Bunun aylarla davam etməsinə və ya görüş xatirinə görüşü keçirilməsinə imkan verməmək öhdəliyi var. Bu, bir il belə davam etməyəcək”, – o, ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mark Rubionun nəticələrə və zaman çərçivəsinə ehtiyacı olduğunu qeyd edərək deyib.

Temmi Brüs əlavə edib ki, ABŞ Rusiya və Ukrayna arasında danışıqlar üçün İstanbula öz nümayəndə heyətini göndərməyib. “Prezident və dövlət katibinin dediyi kimi, bu, indi münaqişə tərəfləri arasında olmalıdır. Biz insanların dediklərinə deyil, etdiklərinə baxırıq”, – Bryüs vurğulayıb.

O qeyd edib ki, ABŞ Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləməkdə davam edir. “Biz dəfələrlə demişik ki, bu münaqişənin hərbi yolla həlli yoxdur və Prezident ədalətli, davamlı və uzunmüddətli sülhə gətirib çıxaracaq istənilən mexanizmi dəstəkləyir”, – diplomat fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 2-də Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu baş tutub. Görüş bir saatdan çox davam edib. Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu da İstanbulda gözlənilir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More