Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması” adlı elmi-praktik tədbir və “Daşları toplamaq vaxtıdır” fundamental nəşrin təqdimatı keçirilib.
“Report” xəbər verir ki, “İrs” jurnalının baş redaktoru, “Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması” adlı elmi-praktik layihənin rəhbəri Musa Mərcanlı kitabın əhəmiyyətindən danışıb:
“Əsas məqsəd Azərbaycan irsinin dünyaya çatdırılmasıdır. Lakin ermənilər buna imkan vermək istəmirdilər. Bizim Qərbi Azərbaycan ərazisinə cəlb etdiyimiz xarici fotoqraflara mane olmaq istədilər. Buna baxmayaraq, azərbaycanlıların vaxtilə məskunlaşdığı 50-yə yaxın yaşayış məntəqəsindən fotolar əldə edə bilmişik. Məqsədimiz həmin torpaqlarda yaşamaq haqqımızı geri almaq, mədəni irsimizi bərpa edərək yaşatmaqdır”.
BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev nəşrin necə ərsəyə gəlməsindən söz açıb:
“Kitabda Qərbi Azərbaycanın xalqımıza məxsus qədim diyar olduğu elmi-faktoloji materiallar əsasında təqdim edilib. Nəşrdə regionda yerləşən və müxtəlif dövrlərdə məhv edilmiş və ya izləri silinmiş memarlıq, dini, eləcə də digər mədəni abidələrin foto və sənədli sübutları təqdim olunur”.
Kitabın elmi məsləhətçisi Rizvan Hüseynov isə ildən-ilə Azərbaycan abidələrinin məhv edildiyini diqqətə çatdırıb:
“Kitabda bütün bu dağıntılar öz əksini tapıb. Bizim məqsədimiz insanlara həm yazılı, həm də vizual formada Azərbaycan irsini tanıtmaq, vurulan ziyanı dünya ictimaiyyətinə çatdırmaqdır”.
Foto: Mircavid Eminoğlu







Mənbə: Report.Az
Comments are closed.