5 iyun Ümumdünya Ətraf Mühit Günü münasibətilə Samur–Yalama Milli Parkında “Plastikdən istifadəni azaldaq: yerli səylər, qlobal təsirlər” mövzusunda tədbir keçirilib.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Tədbirin məqsədi ətraf mühitin mühafizəsinə diqqət çəkmək, ictimaiyyəti ekoloji məsuliyyətə cəlb etmək və bu sahədə davamlı təşəbbüsləri dəstəkləmək olub.
Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov, Aqrar, Ekologiya və Su Təsərrüfatı işçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev çıxış edərək ətraf mühitin mühafizəsinin ölkə üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, xüsusilə də gənc nəslin ekoloji düşüncə tərzinin formalaşdırılmasının vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində aidiyyəti dövlət və özəl qurumların nümayəndələrinin, həmçinin ekoloji ekspertlərin iştirakı ilə ətraf mühitin mühafizəsi və plastik çirklənməyə qarşı mübarizə mövzusunda dəyirmi masa təşkil olunub. Müzakirələrdə plastik tullantıların ətraf mühitə təsiri, maarifləndirmə tədbirlərinin rolu və fərdi məsuliyyətin gücləndirilməsi kimi məsələlər ön plana çıxarılıb.
Eyni zamanda məktəblilərin və könüllülərin iştirakı ilə ekoloji təlimlər, interaktiv sessiyalar və tematik master-klasslar təşkil olunaraq iştirakçılara ətraf mühitin qorunmasına dair praktik biliklər çatdırılıb.
Qeyd edək ki, Azərbaycan 2026-cı il iyunun 5-də BMT-nin Ətraf Mühit Proqramının (UNEP) xətti ilə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu nüfuzlu tədbir ölkəmizin ətraf mühitin qorunması sahəsində qlobal təşəbbüslərə verdiyi töhfənin göstəricisidir.








Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.