Gürcüstan NATO-ya üzvlük istiqamətində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirsə də, Alyansdan qarşılıq olaraq konkret addımlar deyil, yalnız sözlər eşidilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisinin son bəyanatına münasibət bildirərkən deyib.
O, bəyanatın kontekstinin qeyri-müəyyən olduğunu qeyd edib:
“Bizim artıq elə bir nəslimiz var ki, 2008-ci ildə Buxarest Sammitində “Gürcüstan NATO-ya üzv olacaq” deyildiyi zaman hələ doğulmamışdı. Bu gün həmin nəsil məktəbi bitirir, ancaq NATO-dan hələ də real nəticə görmürük. Gürcüstan bütün imkanları ilə etibarlı tərəfdaş olduğunu sübut edib. NATO üzvü olan ölkələr bəzi missiyalardan, xüsusilə də Əfqanıstandakı missiyalardan yayınarkən, Gürcüstan orada ən böyük kontingentlərdən biri kimi, 1000-1500 hərbçi ilə iştirak edirdi. Halbuki Baltikyanı ölkələr yalnız 30-40 hərbçi ilə iştirak edirdilər və əsasən qərargahlarda təmsil olunurdular”, – deyə Papuaşvili vurğulayıb.
Papuaşvili əlavə edib ki, NATO hələ də Gürcüstana üzvlüklə bağlı Yol Xəritəsi təqdim etməyib və bu da Alyansın real qərar qəbul etməyə nə qədər hazır olduğuna dair suallar yaradır.
Qeyd edək ki, NATO-nun Gürcüstandakı Əlaqələndirmə Ofisi bu gün yaydığı açıqlamada Buxarest və sonrakı sammitlərin qərarlarına sadiq olduqlarını və Gürcüstanın gələcəkdə Alyansa üzv olacağını bir daha təsdiqləyib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.