Birləşmiş Ştatlar İraqdakı səfirliyini qismən evakuasiya etməyə hazırlaşır və bölgədə artan təhlükəsizlik təhdidləri fonunda hərbçilərin ailə üzvlərinə Yaxın Şərqdəki evlərini tərk etməyə icazə verəcək.
“Report”un xəbərinə görə, bu barədə çərşənbə günü “Reuters”ə ABŞ və İraqdakı mənbələr məlumat verib.
Söhbətin hansı təhdidlərdən getdiyi dəqiqləşdirilmir, lakin mümkün evakuasiya xəbərləri neftin qiymətini 4 %-dən çox bahalaşdırıb.
“Dövlət Departamenti xaricdəki amerikalı personalı mütəmadi nəzərdən keçirir və bu qərar son araşdırma nəticəsində qəbul edilib”, – Ağ Evin mətbuat katibi Anna Kelli “Reuters” agentliyinə qismən evakuasiya xəbərləri ilə bağlı sualı cavablandırarkən deyib. O, təfərrüatları açıqlamayıb.
Ağ Evin nümayəndəsi ABŞ Prezidenti Donald Trampın vəziyyətdən xəbərdar olduğunu bildirib.
Tramp dəfələrlə nüvə danışıqları nəticəsiz qalacağı təqdirdə İranı vuracağı ilə hədələyib və çərşənbə günü o, Tehranın Amerikanın əsas tələbi olan uranın zənginləşdirilməsini dayandırmağa razı olub-olmayacağına getdikcə əmin olmadığını bildirib.
Bu arada İraq rəsmiləri evakuasiya tələb edən təhlükə əlaməti görmədiklərini bildiriblər. ABŞ-nin Küveyt və Qətərdəki səfirlikləri normal rejimdə işləyir.
Mənbə: Report.Az
Comments are closed.