Audiovizual Şura: Media məzmun yaradıcılarının gender həssaslığının artırılmasına ehtiyac var

Media məzmun yaradıcılarının peşəkarlığı və gender həssaslığının artırılmasına ehtiyac var.

Bunu “Report”un sorğusuna cavab olaraq Audiovizual Şuradan bildiriblər.

Qeyd edilib ki, media məhsullarında “deyingən evdar qadın”, “maddiyyətçi qadın”, “avam qadın” obrazlarının daha çox yer alması məsələsi media peşəkarlığı kontekstinə daxildir.

“Şura bu mövzulara çox həssaslıqla yanaşır. Mütəmadi olaraq keçirilən monitorinqlər göstərir ki, efirdə bəzi hallarda pozuntular baş verir. Bu yaxınlarda Audiovizual Şuranın ölkə telekanallarından birinə etdiyi xəbərdarlıq qanunvericilikdə təsbit olunmuş tələbin pozulması ilə (cinsi ayrı-seçkiliyin təbliği) bağlı olmuşdu. Yalnız qanunvericilik normalarının pozulması halında Şura xəbərdarlıq edə və ya inzibati sanksiya tətbiq edə bilər. Təbii ki, Audiovizual Şura tərəfindən yayımçılara bu istiqamətlərdə zəruri tövsiyələr də verilir”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında efir məkanında “deyingən evdar qadın”, “maddiyyətçi qadın”, “avam qadın” obrazlarının hədsiz yer almasının cəmiyyətdə qadın nüfuzuna xələl gətirdiyi bildirilib. Həmçinin, televiziya verilişləri və yerli seriallarda təqdim olunan qadın və kişi rollarına xüsusilə diqqət yetirməyin vacibliyi qeyd edilib. Vurğulanıb ki, bu baxımdan, efir məkanında yeni yaradılan məzmunun qatı patriarxallıqdan uzaq olması zəruridir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More