Bariton möcüzəsi, səsin epopeyası: Opera sənətinin böyük siması Ağababa Bünyadzadə

Böyük talelər bəzən susa da bilər, gözləyə də… – doğru zamanın, mühitin yetişməsi üçün.

Onun həyatı ətrafdakıları heyrətləndirmək duyğusu ilə başladı; əvvəlcə ailəsini, sonra məktəb yoldaşlarını, müəllimlərini və daha sonra iş yoldaşlarını. Uşaq yaşlarından ailə-məişət qayğılarından dolayı verdiyi qərarla səhnəni yox, başqa bir peşəni seçməsi isə həm təəssüfləndirdi, həm də təəccübləndirdi… Lakin zaman göstərdi ki, insan səhnə üçün doğulubsa, o zaman ruhun sənət çağırışını heç bir məcburiyyət boğa bilməz. Beləliklə, yenidən olmalı olduğu yerə qayıdan ecazkar səs sahibi yalnız öz həyatını deyil, bütöv bir sənət tarixini dəyişdirmiş oldu.

Azərbaycan opera sənətinin görkəmli siması Xalq artisti Ağababa Bünyadzadə…

Onun yaratdığı obrazlar həm də bir meydan oxumaq idi – səhnəyə meydan oxumaq. Səsindəki əzəmət səhnəni də titrədirdi, zalı da, bəlkə tamaşaçıları da. Və bu səsdə xalqın yaddaşı, opera tariximizin əzəməti və sənətin ucalığı hiss olunurdu. Hər ifası böyük bir epopeyaya çevrilir, səhnədə həyat qədər gerçək bir obraz yaradır, ona həyat verirdi.

1915-ci ilin 19 iyununda Bakının Kürdəxanı kəndində neftçi ailəsində doğulan Ağababa Bünyadzadə hələ körpə ikən atasını itirir. Bu da orta məktəbin səkkizinci sinfində olarkən Texniki Peşə Məktəbində çilingərlik peşəsini seçməsinə səbəb olur. Məktəb yoldaşları, müəllimləri, qohum-qonşu belə bir istedada, qeyri-adi səsə malik uşağın başqa sahəyə yönəlməsini istəmirdilər. Amma Ağababa artıq qərarını vermişdi: evi idarə eləmək üçün anasına kömək etməlidir.

1974-cü il. Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev və Respublika rəsmilərinin Ağababa Bünyadzadənin vəfatı ilə bağlı başsağlığı mətni.

Leytenant Şmidt adına Maşınqayırma Zavodunda işə düzələn Ağababa orada da səsindən-istedadından söz etdirir. İş yoldaşları, sex rəisi, dostları-tanışları belə bir ecazkar səsin daş divarlar arasında boğulmasına, itib-batmasına yanır, təəssüf edirdi.

Nəhayət, o döngü günü axır ki gəlib çıxır – Ağababanın buna qədərki ömrü fırtınadan öncəki səssizlik kimi tarixə qovuşur. Tarixdə qalacaq hissə isə bundan sonrakı idi – fırtınanın özü və yaratdığı təlatüm kimi.

Zavodda işlədiyi vaxt “Gənc işçi” qəzetində xor dəstəsində oxumaq üçün müsabiqə keçirilməsi ilə bağlı elan Ağababanın bütün həyatını dəyişir…

Biz də böyük opera ustasının 110 illiyi ərəfəsində nəvəsi Kəmalə xanımın qonağı olduq, böyük sənətkarın yaradıcı dünyasından söhbət açdıq.

Kəmalə xanım Ağababa Bünyadzadə fenomeninə məxsus hər şeyi böyük bir xatirə və keçmişdən boylanan musiqi arxivi kimi qoruyub saxlayır. Evin aurası adamı Azərbaycan operasının gur-gur guruldayan dövrünə aparır, adama elə gəlir haradansa Həsən xanın, Aslan şahın, yaxud da Nofəlin səsi eşidilir…

Kəmalə xanımın sözlərinə görə, Ağababa Bünyadzadə Üzeyir Hacıbəylinin məsləhəti ilə 1938-1939-cu illərdə Moskvada Qnesinlər adına Musiqi Məktəbində təhsil alır və 1940-cı ildə vətənə dönür. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Opera studiyasında Xalq artisti Konstantin Knijnikovun sinfində səs quruluşundan dərs almağa başlayır. Nəhayət, Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında fəaliyyətə başlayır – əvvəlcə studiyanın xor dəstəsində çıxış edir, qısa müddət sonra isə teatrın solistləri arasında öz yerini tutur.

Opera və Balet Teatrında çalışdığı ərəfələrdə, yəni artıq 25-26 yaşlarında tanınmış opera solistlərindən biri kimi tanınırdı Bünyadzadə. Nadir istedad sahibi kimi təkcə opera müğənnisi olaraq yox, eyni zamanda aktyor kimi də sevilirdi. Bariton səsi elə bil vergi idi və bu səs onun taleyinə, qismətinə biçilmişdi – Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin də dediyi kimi: xalqın səsi, xalqın sənətkarı kimi…

Fərhad Bədəlbəyli

Fərhad Bədəlbəyli

“Azərbaycanın ən parlaq operalarında – “Koroğlu”da, “Leyli və Məcnun”da, “Xosrov və Şirin”də, “Şah İsmayıl”da, “Nizami”də, “Ölülər”də, bütün bunların hamısında Bünyadzadə fenomeni seçilir və o ifalar, həqiqətən də, unudulmazdır. Ağababa Bünyadzadə həm də xarici operaları yüksək peşəkarlıqla ifa edirdi. Məsələn, Jorj Bizenin “Karmen”indəki Eskamilyo, “Aida”dakı Amanasro, “Toska”dakı Skarpio, “Otello”da Yaqo obrazları. Bu elə bir səviyyə idi ki, mən hesab edirəm, əgər Ağababa İtaliyada yaşasaydı, çox yəqin ki, dünya şöhrətli bir bariton olardı…”

Dövrün milli mətbuatı da belə bir fenomenal səsə və sənətkara biganə deyildi. Az qala hər çıxışından, hər tamaşasından sonra resenziyalar yazılır, Ağababa Bünyadzadə adı qəzet səhifələrində böyük hərflərlə vurğulanırdı. Kəmalə xanım arxivində saxladığı qəzetləri vərəqlədikcə bizim də gözümüzdə həmin tarix canlanır, o günlərin təlatümünü hiss edirdik.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Baş rejissoru Hafiz Quliyev Ağababa Bünyadzadənin yaratdığı obrazların müxtəlifliyinə və rəngliliyə diqqət çəkərək onu opera sənətimiz üçün unikal səs, sənətkar adlandırır.

“Yaratdığı obrazlar çox-çox müxtəlif xarakterlərə malik idi. Nofəl obrazı, Aslan şah obrazı, Həsən xan, yaxud “Karmen”dəki Eskamilyo… Eləcə də “Sevilyalı bərbər”də Fiqoro – bu elə bir obrazdır ki, Azərbaycanda çox nadir ifaçılar onun öhdəsindən gələ bilər”.

Görkəmli opera ustası 1967-ci ildə Müslüm Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya özü hazırlayır və bu, rejissor kimi onun ilk və son işi olur. Amma həmin opera illərin və zamanın bütün sərhədlərini qıraraq günü bu gün də səhnələşdirilir, tamaşaya qoyulur, tamaşaçılar tərəfindən sevilir.

Hafiz Quliyev həmin tamaşanın bərpa edilməsi prosesini xatırlayır:

Hafiz Quliyev

Hafiz Quliyev

“Ağababa müəllimin “Şah İsmayıl” operasının bərpası mənə tapşırılmışdı. O tamaşanı görməmişdim, ona görə düşündüm ki, çətin olacaq. 1989-cu ilə qədər həmin tamaşa, əslində, səhnələşdirilirdi, lakin sonra başqa biri repertuara girdiyi üçün bu tamaşa çıxarılmışdı. Həmin tamaşanın dekorasiyası qalmışdı, o dekorasiyadan yola çıxaraq rejissorun düşüncəsini yenidən qurmağa çalışdım. Eləcə də tamaşada iştirak edənlərlə söhbət elədim, onların da fikrini aldım və altı-yeddi aylıq zəhmətdən sonra tamaşanı bərpa edib səhnəyə qoyduq. Və bu günə qədər də o tamaşa repertuardadır”.

Onun sənətkar zirvəsinə yüksəlməsində milli musiqi ruhu ilə klassik vokal məktəbinin incəliklərini ustalıqla birləşdirməsi mühüm rol oynayır. Hər bir ifasında milli koloritlə vokal texnikası bir-birini tamamlayır, hər iki üslubun ən parlaq cizgiləri vəhdət təşkil edərək dinləyicidə həm estetik zövq, həm də mənəvi rahatlıq oyadırdı. Ağababa Bünyadzadənin səhnədə yaratdığı obrazlar təkcə peşəkar ifa deyil, həm də emosional dərinlik, ruhi təlatüm və milli kimliyin təcəssümü idi. Onun bariton səsi, geniş diapazonu, zəngin tembri və texniki mükəmməlliyi Azərbaycan opera tarixinə möhür kimi həkk olunub.

Xalq artisti Fərhad Bədəlbəylinin Ağababa Bünyadzadə adı ilə fantastik istedad ifadəsini həmişə yanaşı çəkməsi də təsadüfi deyil: “Ağababa müəllimin gözəl səsi ilə yanaşı, fantastik istedada malik aktyor qabiliyyəti də var idi. Obrazları məharətlə, inanılmaz dərəcədə gözəl yaradırdı. Onun hər bir jesti, hər bir hərəkəti… ariyanı yaşayırdı Ağababa Bünyadzadə. Aktyorluq istedadı, vokal istedadının vəhdəti Ağababa fenomenini yaratmışdı”.

Ağababa Bünyadzadənin səhnəyə çıxması hər dəfə böyük bir hadisəyə çevrilirdi – tamaşaçılar nəinki gözəl musiqi, həm də öz tarixlərini, folklorlarını, zəngin mədəni irs yaddaşını onun səsində tapırdılar.

Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin də dediyi kimi: “Hər hansısa bir xarakterik obraz səhnə üçün hazırlananda, ilk növbədə, Ağababa Bünyadzadə barədə düşünülürdü. Çünki vokalist kimi o həm də yüksək aktyorluq qabiliyyətinə malik idi. Özündə həm vokal ifaçılığını, həm də aktyor peşəkarlığını vəhdət halında cəm edirdi”.

Ağababa Bünyadzadənin yaratdığı hər bir obrazda ayrıca bir yanaşma hiss olunurdu. Səhnəyə çıxdığı anda qəhrəmanı artıq tamaşaçının təsəvvüründə əvvəlki obrazdan fərqli, daha canlı, daha emosional bir çalarlarda canlanırdı. Onun üçün səhnəyə çıxmaq hansısa bir rolu ifa etmək deyil, həmin obrazı yaşamaq və yaşatmaq idi. O, qəhrəmanlarının ruhuna nüfuz edir, onların hisslərini, daxili dünyasını, sevinc və ağrılarını sanki özü yaşayırdı. Bu səbəbdən, yaratdığı hər obraz təkrarolunmaz idi, – istər “Koroğlu”dakı Həsən xan, istər “Şah İsmayıl”dakı Aslan şah obrazı və başqaları… – bütün bu obrazların hamısı Bünyadzadənin səhnə nəfəsi ilə yenidən doğulurdu.

Ağababa Bünyadzadə opera səhnəsini fəth elədiyi dönəmdə hələ uşaq olan, lakin həmin günləri yaddaşında ən coşğulu formada saxlayan Xalq artisti Fərhad Bədəlbəyli həmin günləri belə xatırlayır: “Atam Şəmsi Bədəlbəyli gürcü bəstəkarı İvan Paviaşvilinin operasını tamaşaya qoymuşdu. Orada Ağababa müəllim mənfi bir xarakter yaratmışdı. Onu necə yaratmışdı, onu necə oynamışdı… inanılmaz idi həqiqətən. Mən xoşbəxtəm ki, belə bir sənətkarla ünsiyyətdə olmuşam. Biz Ağababa müəllimin qızı ilə Bülbül adına məktəbdə oxumuşuq. Dostluq edirdik Nailə xanımla…Yenə də deyirəm, xoşbəxtəm ki, belə insanlarla ünsiyyətdə olmuşam”.

Ağababa Bünyadzadə ömrünü və sənətini bir amalın xidmətinə verdi – xalqın mədəni səsinin səhnədə əbədiləşməsinə. Yaratdığı obrazlar bir aktyorun, bir vokal ustasının deyil, həm də böyük bir mədəniyyətin və mədəni tarixin təcəssümü idi.

Bu gün onun haqqında danışarkən, sadəcə, bir sənətkardan deyil, böyük bir opera tarixindən, böyük bir opera məktəbindən danışırıq. Çünki Ağababa Bünyadzadə təkcə opera tariximizin deyil, bütövlükdə milli mədəniyyətimizin ən parlaq simalarından biridir – Azərbaycan musiqisinə yeni bir dərinlik, səhnəsinə isə əbədi bir iz qoyan sənətkar kimi.

Kəmalə xanımın yaddaşının ən dərin qatlarında kök salan kiçik bir xatirə isə Ağababa Bünyadzadənin Azərbaycan musiqisinin həm keçmişi, həm bu günü, həm də gələcəyi üçün etdiklərinin tərifidir.

“Mən o mənzərəni həmişə xatırlayıram: xəstəxana pəncərəsindən bizə əl edirdi”.

O əl bu gün də Azərbaycan opera sənəti üzərində görünür – Azərbaycan opera sənəti yaşadıqca, nəfəsi duyulduqca Bünyadzadə fenomeni haradansa böyük bir sənət fədaisi kimi musiqi salnaməmizin yanında və yaddaşında olduğunu xatırladır…

Foto: Vüqar Xanlarov

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More