MOK Azərbaycan idmançılarının geri qaytarılan medalları ilə bağlı Paris-2024-ün Təşkilat Komitəsindən konkret cavab almayıb

Milli Olimpiya Komitəsi (MOK) Azərbaycan idmançılarının keyfiyyətini itirən və geri qaytarılan medalları ilə bağlı Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsindən konkret cavab almayıb.

“Report” xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynov qurumun bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, Paris-2024-də verilən medalların dəyişdirilməsi ilə bağlı lazımi işləri gördüklərini bildirib:

“Proseslə bağlı lazımi işləri görmüşük. Bütün məlumatları Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmişik. Beynəlxalq Olimpiya Komitəsi bu məsələni Paris-2024-ün Təşkilat Komitəsinə yönəldib. Təşkilat Komitəsi, demək olar ki, artıq fəaliyyət göstərmir. Onun bəzi qurumları qalıb. İndi bu qurumlar məsələ ilə məşğuldurlar. Biz hələ konkret cavab almamışıq. Amma söz veriblər ki, bu məsələni həll edəcəklər”.

Qeyd edək ki, Paris-2024-də mükafat qazanan 7 idmançımızdan beşinin medalında nəzərəçarpan dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More