Yevlax şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesinə yaxın müddətdə başlanılacaq.
Bu barədə “Report”a “Karvan” komandasının mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev məlumat verib.
Klub rəsmisi arenanın qaznonun süni olacağını bildirib:
“Stadionun ot örtüyünün süni olacağı dəqiləşib. Prosesə yaxın zamanda başlanılacaq. “Karvan” klubu olaraq ev oyunlarımızı doğma şəhərdə keçirmək prioritet istiqamətlərindən biri hesab olunur”.
O, Premyer Liqada layiqli mübarizə aparmaq üçün komandanın heyətinin gücləndirilməsi işlərinə start verildiyini söyləyib:
“Bir neçə futbolçu ilə danışıqlar gedir. Heyəti yerli və əcnəbi futbolçularla gücləndirməyi planlaşdırırıq. Etik olmadığı üçün onların adlarını sizə açıqlaya bilməyəcəyik. Ancaq hazırlıqlar gedir. I Liqada iştirak edən futbolçulardan 4-5 nəfərlə yolumuza davam edəcəyik. Bilirsiniz ki, Premyer Liqanın səviyyəsi həmişə fərqli olur”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü avqustun 15-də start götürəcək.
Mənbə: Report.Az
Comments are closed.