Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan parlamentinin İqtisadiyyat və iqtisadi siyasət komitəsinin yeni sədri Şota Berekaşvili ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Tbilisidəki diplomatik missiyasından bildirilib.

F. Quliyev görüşdə komitə sədri təyin olunması münasibətilə Şota Berekaşvilini təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Diplomat Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin son illər ərzində iqtisadi əməkdaşlıq sahəsində daha da dərinləşdiyini qeyd edib, bu istiqamətdə həyata keçirilən əsas layihələr və perspektiv təşəbbüslər barədə məlumat verib.

Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində artan rolu və Gürcüstanın tranzit ölkə kimi yüksələn mövqeyi xüsusi vurğulanıb. Bildirilib ki, bu amillər iki ölkənin Cənubi Qafqaz regionunda strateji aktor kimi mövqeyini daha da möhkəmləndirir.

Ş. Berekaşvili də öz növbəsində səfiri salamlayaraq bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı sıx iqtisadi əməkdaşlıq hər iki ölkənin regional və qlobal əhəmiyyətini artırır. O, energetika, nəqliyyat, informasiya texnologiyaları, təhsil, inşaat və turizm sahələrini prioritet əməkdaşlıq istiqamətləri kimi qeyd edib və bu sahələrdə Azərbaycan kapitallı şirkətlər üçün Gürcüstanda yeni imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Tərəflər həmçinin Azərbaycan və Gürcüstan parlamentləri arasında artan təmaslardan, ikitərəfli layihələrin bölgənin inkişafına verə biləcəyi töhfələrdən məmnunluq ifadə ediblər. Qeyd olunub ki, strateji tərəfdaşlıq münasibətləri yalnız iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın rifahına xidmət edir.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More