Naxçıvanda Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, iyunun 13-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin 25-ci buraxılışı münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də iştirak edib.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Rəşad Əsgərov səlahiyyətli nümayəndəyə mərasimə hazırlıq barədə raport verib. Səlahiyyətli nümayəndə kursantları salamlayıb.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kursantlar orkestrin müşayiəti ilə Dövlət Himnini səsləndiriblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, müasir, güclü və peşəkar ordu müstəqil dövlətin sütunlarından biridir. Xüsusilə Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən bir ölkə üçün ordu müstəqilliyin, suverenliyin və ləyaqətin qoruyucusudur. Bu ordu Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Hələ 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Azərbaycanın gələcək hərbi elitasının formalaşdırılması prosesi başlayıb.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Rəşad Əsgərov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində və digər hərbi əməliyyatlarda hərbi liseyin məzunları yüksək döyüş və peşəkarlıq nümunəsi göstəriblər. Liseyin məzunlarından 4-ü “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, 96-sı isə şəhidlik zirvəsinə ucalıb. Hazırda onlarla məzun dünyanın müxtəlif hərbi akademiyalarında – Türkiyə Respublikasında, Rusiya Federasiyasında, İtaliya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə təhsillərini davam etdirirlər. Bu ilin fevral ayında Cənubi Koreya Respublikasının Quru Qoşunları Akademiyasında keçirilən beynəlxalq təlimlərdə birinci yeri tutaraq həmin ölkənin milli müdafiə naziri tərəfindən “Koreya Quru Qoşunlarının Xidmətində Fərqlənmə” medalı ilə təltif olunan kursantın da məhz Heydər Əliyev adına Hərbi Liseyin məzunu olması, liseyin beynəlxalq səviyyədə qazandığı nüfuzun və yüksək hazırlıq səviyyəsinin əyani sübutudur.
Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Şükürlü Azərbaycanın tarixi Zəfərinin qazanılmasında Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının da böyük rolu olduğunu vurğulayıb, kursantlara təhsillərində uğurlar arzulayıb.
Sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Orkestrin müşayiəti ilə hərbi liseyin marşı ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib. Səlahiyyətli nümayəndə Ümummilli Liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə məzun kursantlarla xatirə şəkli çəkdirib.















Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.