Azərbaycanda qeydiyyatda olan tarix-mədəniyyət abidələrinin vahid pasportu olacaq.
Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanda dövlət mühafizəsinə götürülən abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənəd – pasport vahid forma və qaydada deyil, hər bir qurum (Mədəniyyət Nazirliyi, Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi) tərəfindən fərdi qaydalarda hazırlanırdı.
Bu baxımdan, daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və vahid pasport formasının təsdiq edilməsi zərurəti yaranıb.
“Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik təklif edilib. Həmin təkliflər əsasında Milli Məclisi tərəfindən daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiq olunub. Qanunvericiliyə edilən yeni dəyişiklik mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır”, – məlumatda bildirilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.