Qərbi Azərbaycan Xronikası: “Hələ 1977-ci ildə marşal Bağramyan demişdi ki, türkləri qovacağıq”

Bu gün Baku TV-də yayımlanan “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı təqdim olunub.

“Report” xəbər verir ki, veriliş bu dəfə Dərələyəzin Sallı kəndindən olan Afaq Mustafayevanın həyat hekayəsinə həsr olunub.

Afaq Mustafayeva 1980-ci ildə Bakıda doğulsa da, ata və babalarının Qərbi Azərbaycanda – Sallı kəndində yaşadığını, onların gözəl bir həyat sürdüyünü bildirib. O, uşaqlıqdan görmədiyi Vətənə həsrətlə böyüdüklərini, atasının yazılarında və şeirlərində bu həsrəti yaşatdığını deyib. Babası məşhur sənətkar, ustadı Aşıq Cəlilin övladları isə ermənilər tərəfindən qətlə yetirilib, iki qızı əsir alınıb.

Mustafayevanın sözlərinə görə, ailəsi 1949-cu ildə Stalin-Mikoyan-Daşnak sövdələşməsi nəticəsində “könüllü köç” adı altında zorla öz yurdundan çıxarılıb, bir vaqonda yaşlı, xəstə və uşaqlarla birlikdə Salyana gətirilib. 1957-ci ildə qayıtdıqları zaman isə öz evlərinə deyil, köhnə, ikimərtəbəli tikililərə yerləşdiriliblər. Ailəsi daha sonra Xaçmazın Arzu kəndinə köçüb. 1988-ci ildəki son deportasiya zamanı isə orada yalnız böyük bibisi qalmışdı – onu da zorla çıxarıblar.

O bildirib ki, nənəsi 1905, 1918 və 1949-cu illərdə erməni vəhşiliyini şəxsən yaşayıb, çoxsaylı ailə üzvləri qətlə yetirilib. Qadınların zorla soyundurularaq rəqs etməyə məcbur edilməsi, məscid və tövlələrə yığılıb diri-diri yandırılması kimi hadisələr də nənəsinin xatirələrində yer alıb.

“Vətən qurbətdə qalıb, həsrəti isə qəlbimizdə” deyən A. Mustafayevanın ən böyük arzusu ata yurduna qayıtmaq və babasının ocağında atası tərəfindən əmanət verilmiş mis qazanda su qaynatmaqdır.

Veriliş Qərbi Azərbaycandan deportasiya olunmuş minlərlə azərbaycanlının yaşadığı faciəni, acı taleyi və yurda dönüş arzusunu əks etdirir.

Layihənin məqsədi Qərbi Azərbaycanın qədim türk torpağı olduğunu sübut edən tarixi faktların, toponimlərin və mədəniyyət nümunələrinin dünyaya çatdırılması, həmçinin Prezident İlham Əliyevin “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” fikrindən irəli gələn Qayıdış Konsepsiyasının təbliğidir. Bununla yanaşı, layihə deportasiyaya məruz qalmış insanların həyat hekayələrini işıqlandırmağı da hədəfləyir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More