Ağ ev Pentaqon və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) İlon Maska məxsus olan “SpaceX” şirkəti ilə bağlanmış iri dövlət müqavilələrini nəzərdən keçirmək tapşırığı verib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, müqavilələrin yenidən nəzərdən keçirilməsi Mask və ABŞ Prezidenti Donald Tramp arasında ictimai münasibətlərin aydınlaşdırılmasından sonra başlanıb. Məqalədə qeyd olunub ki, yenidən qiymətləndirmə Mask və onun şirkətlərinə qarşı “mümkün qisas hazırlamağa” yönəlib. Mənbələrdən biri “Reuters”ə deyib ki, bu icmal “siyasi sursat” əldə etmək üçün aparılır ki, bu da istənilən halda Maska qarşı istifadə edilə bilər.
Bundan başqa, ABŞ Müdafiə Nazirliyi “SpaceX” şirkətinin planlaşdırılan Amerika raket əleyhinə müdafiə sistemi “Golden Dome”un yaradılmasında oynaya biləcəyi rolu azaldıb-azaltmayacağı məsələsini araşdırır.
Materialda qeyd olunub ki, ABŞ hökumətinin, istəsə belə, Maskın şirkətləri ilə müqavilələri qanuni əsaslarla və ya praktiki şəkildə ləğv edib-edə bilməyəcəyi aydın deyil.
Ağ evin mətbuat katibi Karolayn Livitt iyunun 11-də brifinqdə bildirmişdi ki, ABŞ administrasiyası Mask və Tramp arasındakı anlaşılmazlığa baxmayaraq, Maskın şirkətləri ilə bağlanmış müqavilələri yenidən nəzərdən keçirmir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.