İranın İsrailə hücumu nəticəsində 4 nəfər ölüb, 137 nəfər yaralanıb – YENİLƏNİB-4

İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, Təl-Əvivin ətrafındakı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Hücum zamanı daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan zərərçəkənləri tapmağa tələsir.

06:09

İranın İsrailə son hücumu nəticəsində 3 nəfər ölüb, 125 insan yaralanıb.

“Report”un xəbərinə görə, bu barədə İsrailin “Ynet” xəbər portalı milli təcili yardım xidmətinə “Maqen David Adom” (Davidin qırmızı qalxanı) istinadən məlumat verib.

Məlumata görə, İranın endirdiyi zərbələr nəticəsində 5 nəfər ağır, 20-yə yaxın adam orta dərəcəli, qalanları isə yüngül xəsarət alıb.

05:31

İranın İsrailə son hücumu nəticəsində 1 nəfər ölüb, 93 insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İsrailin milli təcili yardım xidməti “Maqen David Adom” (“Davidin Qırmızı Qalxanı”) məlumat yayıb.

Təl-Əviv və ətrafını əhatə edən Quş Danda həkimlər vəziyyəti ağır olan 3 nəfərə, vəziyyəti orta-ağır olan 5 insana tibbi yardım göstəriblər, 57 nəfər isə yüngül xəsarət alıb. Şfela vadisində 28 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır, yeddisinin vəziyyəti orta ağırdır.

05:24

Bazar günü səhər İranın İsrailə endirdiyi raket zərbəsi nəticəsində bir nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Bu barədə “Report” İsrail mətbuatına istinadən xəbər verir.

İsrailin “Maqen David Adom” təcili yardım xidmətinin məlumatına görə, raket hücumu nəticəsində 1 qadın həlak olub, 44 nəfər yaralanıb.

İsrailin Yanğınsöndürmə və Xilasetmə İdarəsi Dan, Mərkəzi rayon və Qüdsdə qəlpələrin düşməsi xəbərini təsdiqləyib. Yaşayış binalarına ziyan dəyməsi, açıq ərazilərdə yanğınlar qeydə alınıb.

İsrailin Müdafiə Ordusu İranın bir sıra raket zərbələri endirdiyini təsdiqləyib.

“Bir müddət əvvəl İrandan İsrail dövlətinə doğru atılan raketlərin aşkarlanması ilə əlaqədar İsrailin bir neçə bölgəsində sirenlər səslənib. İsrailin Hərbi Hava Qüvvələri hazırda təhlükəni aradan qaldırmaq üçün lazım olan yerə müdaxilə edir və zərbələr endirir”, – İsrail hərbçiləri bildirib.

05:02

İranın İsrailə son hücumu zamanı 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti “Maqen David adom” (Davidin qırmızı Qalxanı) milli təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, İranın raket zərbələri zamanı bütün İsrailin mərkəzində güclü partlayış səsləri eşidilib. İsrailin Yanğınsöndürmə və Xilasetmə Departamenti ölkənin mərkəzində və Qüdsdə çoxsaylı raketlərin düşməsi, yaşayış binalarına ziyan vurması, açıq ərazilərdə bir sıra yanğınlara səbəb olması barədə xəbərləri təsdiqləyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More