Səfir Məmməd Əhmədzadə Niderland mətbuatında Azərbaycanın xarici siyasətindən bəhs edib

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə “Diplomat Magazine” jurnalına müsahibə verib.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlara əsaslanan müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət yürütdüyünü deyən diplomat ölkəmizin xarici siyasət prioritetləri və onların xarici siyasət məqsədləri ilə uzalaşdırılmasından danışıb.

Regional təhlükəsizlik mövzusuna toxunan M.Əhmədzadə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Vətən müharibəsi və anti-terror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, azad olunmuş ərazilərdəki mina problemi, ərazilərin bərpası, habelə bölgədə davamlı sülhün bərqərar olunması üzrə ölkəmizin səyləri, bu xüsusda Ermənistanın atmalı olduğu addımlar, sülhün bölgəyə faydası barədə məlumat verib.

Diplomat Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyasına, bu xüsusda Azərbaycan və Xəzər hövzəsindən neft, qaz, alternativ enerjinin istehsalı və ixracını nəzərdə tutan strateji layihələrə diqqəti çəkib. Son 30 ildə Azərbaycanın ilk öncə enerji, hazırda isə nəqliyyat və bağlantılarla Cənubi Qafaz və Xəzər hövzəsini beynəlxalq əməkdaşlığa iki dəfə açdığını söyləyən diplomat regional bağlantıların, Qərb-Şərq nəqliyyat dəhlizinin, o cümlədən Orta Dəhlizin inkişafında ölkəmizin mühüm rolu barədə danışıb.

Coğrafi üstünlüyü, diplomatik çevikliyi, resursların idarə edilməsi, iqtisadi və hərbi imkanları ilə Azərbaycanın orta gücə çevrildiyini bildirən M.Əhmədzadə ölkəmizin çoxtərəfli diplomatiyada daha fəal rol oynadığını, dünyada bölücü deyil, birləşdirici xətləri təşviq etməklə çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə töhfə verdiyini deyib. Bu xüsusda Qoşulmama Hərəkatına və COP29-a Azərbaycanın uğurlu sədrliyi barədə danışan diplomat hər iki sədrliyin Azərbaycanın xarici siyasətinin məsuliyyətli, praqmatik və gələcəyə yönələn mahiyyətini təcəssüm etdirdiyini söyləyib.

Diplomat müsahibədə Azərbaycan-Niderland münasibətlərinin siyasi, iqtisadi, humanitar aspektləri barədə fikirlərini bölüşüb. Münasibətlərin tam potensialından hələ də istifadə edilmədiyini bildirən M.Əhmədzadə Niderlandda Azərbaycanın həqiqətləri, regional liderliyi, enerji və bağlantılar nöqteyi-nəzərdən Avropa üçün strateji əhəmiyyəti barədə məlumatlılığın məhdud olduğunu söyləyib, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi və ondan sonrakı proseslərlə bağlı təsəvvürlərin erməni narrativlərinə, dezinformasiyalara məruz qaldığını vurğulayıb.

Son aylar xarici işlər nazirləri səviyyəsində təmasların, habelə Bakıda xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin qarşılıqlı anlaşmanın təşviqi və əməkdaşlığın yeni yollarının araşdırılması baxımından əhəmiyyətli olduğunu söyləyən M.Əhmədzadə, habelə Niderlandda fəaliyyət göstərdiyi müddətdə siyasi, ictimai, işgüzar, akademik dairələrin nümayəndələri ilə çoxsaylı görüşlərinin keçirildiyini və bunların nəticəsində Azərbaycan və Niderlanın bir-birini tamamlayan güclü tərəflərə malik olduğu qənaətinə gəldiyini deyib. Diplomat iki ölkənin diqqəti praqmatik, praktiki və qarşılıqlı faydalı əməkdaşlığa yönəltməklə möhkəm və nəticəyönlü tərəfdaşlıq qura biləcəyini vurğulayıb.

M.Əhmədzadə bu yaxınlarda Haaqada NATO sammitinin keçiriləcəyi fonda Azərbaycanın bu qurumla əməkdaşlıq istiqamətlərinə dair sualı da cavablandırıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More