İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin Bərdə və Ağcabədi rayonlarında sertifikasiya imtahanı keçirilib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı baş tutub.
İmtahana Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin pedaqoji heyəti qatılıb. Bu il ilk dəfə olaraq sertifikasiya imtahanlarında Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəb, Şuşa şəhər 1 nömrəli orta məktəb, Ağdərə rayon Talış kənd orta məktəbi, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Xocalı rayon 1 nömrəli orta eləcə də Xocalı rayon Ballıca kənd orta məktəbində çalışan təhsilverənlər iştirak ediblər.
Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta və Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəblərin inzibati binasında keçirilən imtahan prosesi tam şəffaf şəkildə və elektron qaydada təşkil olunub. Hər iki rayonda təşkil edilən imtahanlarda 1894 müəllim iştirakı üçün şərait yaradılıb.
Qeyd edək ki, imtahanda 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib. İmtahan prosesi 120 dəqiqə çəkib. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə avtomatlaşdırılmış rejimdə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan olunub.





Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.