Qusarda dini maarifçilik işinin təşkilinə həsr olunan regional konfrans keçirilib

Qusarda “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda regional konfrans keçirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Regional konfrans çərçivəsində 15 iyun Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş foto-sərgi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov konfransın əhəmiyyətindən bəhs edərək, ölkədə milli-mənəvi dəyərlərin inkişafı üçün həyata keçirilən işlərdən danışıb. Bildirib ki, Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı tolerant mühit ən dəyərli sərvətdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycanın qlobal proseslərlə ayaqlaşaraq, öz milli kimliyini qorumağın ən yaxşı modellərindən birini yaratdığını vurğulayıb:

“Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurduğu bu model müstəqil Azərbaycanın inkişaf strategiyasının əsas sütunlarından birini təşkil edir. Bir neçə gün öncə qeyd etdiyimiz 15 iyun Milli Qurtuluş Gününün tariximizdəki müstəsna yeri məhz böyük bir imperiyanın süqutundan sonrakı ziddiyyətli və mürəkkəb bir dövrdə özümüzə məxsus, adətlərimizə, ənənələrimizə, milli dəyərlərimizə uyğun yeni bir dövlətçilik modeli yaratmağımızla bağlıdır. Bu gün dünyanın bu cür mesajlara bəlkə də heç vaxt olmadığı qədər böyük ehtiyacı var. Ona görə də biz din xadimlərimizdən bir çox məsələlərin həllində fəallıq, təşəbbüskarlıq gözləyirik”.

R.Məmmədov Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin əsas məqsədinin dini ənənələri, milli adətləri, dəyərləri qorumaqla bərabər, həm də başqa mədəniyyətlərə hörmət hissini cəmiyyətin hər bir fərdinə aşılamaq olduğunu qeyd edib.

Komitə sədri konfransın mövzusunun əhəmiyyətinə toxunaraq, ənənələri qorumaqla müasir dünyanın reallıqları ilə uyğunlaşmaq arasında mövcud sərhədləri dəqiq müəyyən etmək üçün cəmiyyətin daha çox maariflənməyə ehtiyacı olduğunu deyib. O, Azərbaycanın multikultural həyat tərzi, tolerantlıq ənənələləri ilə bütün dünyaya ünvanlanmış sülh və birgəyaşayış mesajı verdiyini diqqətə çatdırıb.

Konfransda çıxış edən Milli Məclisin deputatı Anatoli Rafailov bildirib ki, müasir müstəqil Azərbaycanın yaradıcısı Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri də multikulturalizm, xalqlar və dinlər arasında dostluq və qardaşlıqdır:

“Azərbaycanda müxtəlif millətlərə, dinlərə məxsus vətəndaşlar üçün hər cür şərait yaradılıb. Bu ölkədə yaşayan müxtəlif millətlər, azsaylı xalqlar müqəddəs saydıqları ocaqlarda dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər, öz ana dillərində təhsil alırlar. Dünyanın çox az yerində belə bir mənzərə ilə qarşılaşmaq mümkündür”.

Milli Məclisin deputatı Azər Badamov deyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda multikultural dəyərlərin inkişafına verdiyi dəstəyin tarixi hələ Sovet İttifaqı dövrünə təsadüf edir:

“Həmin dövrdə Azərbaycanda yaşayan xalqların öz milli-mədəni ənənələrinin qorunması və inkişaf etdirilməsi üçün mühüm addımlar atılırdı. Milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra yenidən vüsət aldı. Ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti Ümummilli Liderin müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənib, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib”.

Regional konfrans panel müzakirələri ilə davam etdirilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More