Zaqatalada özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə özünüməşğulluq proqramı çərçivəsində Zaqatala şəhər sakinləri Abdullayev Samir Kərim oğlu və Qafarova Maisə Afər qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Abdullayev üçün telefon təmiri, M.Qafarova üçün isə kişi bərbərxanası istiqaməti üzrə kiçik təsərrüfatlar qurulub. Onlar kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Zaqatala rayonunda 1 923 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə əsasında Zaqatala rayonunda bu il mayın 1-dən fəaliyyət göstərən günərzi qayğı mərkəzində uşaqlara göstərilən xidmətlər nəzərdən keçirilib.

Mərkəzdə əhalinin həssas qruplara aid olan, həmçinin əlilliyi olan 30 uşağa xidmət göstərilir. Psixoloq, sosial işçi, pedaqoq və digər mütəxəssislər tərəfindən onların qavrayış, emosional və fiziki inkişafına, sosial uyğunlaşmasına, ilkin yazı və oxuma bacarıqlarına yiyələnmələrinə və s. dəstək işləri aparılır.

Agentliyin sifarişi ilə icra olunan layihə üzrə hazırda ölkəmizin 30 şəhər və rayonunda günərzi qayğı mərkəzləri fəaliyyət göstərir.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şəki Reabilitasiya Mərkəzinə də baxış keçirilib.

Son illər Şəki Reabilitasiya Mərkəzində də əsaslı təmir işləri aparılaraq, müəssisə müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilib. Mərkəzdə bu ilin 5 ayında əlilliyi olan daha 2 minədək şəxsə effektiv fizioterapevtik üsullarla kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More