Azərbaycan Cüdo Federasiyasının rəsmisi millinin dünya çempionatındakı çıxışına münasibət bildirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu milli komandanın Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatındakı çıxışına münasibət bildirib.

ACF rəsmisi bu barədə “Report”a açıqlama verib.

O, millinin çıxışını qənaətbəxş hesab edib:

“Yarışı 3 bürünc medalla başa vurduq. Həmçinin cüdoçularımızdan biri beşinci, biri isə yeddinci yeri tutdu. Bu nəticələri qənaətbəxş sayırıq. Medal sayına görə kişilər arasında rekord təkrarlandı. 2017-ci ildə olduğu kimi, bu dəfə də 3 medal əldə etdik.

Bununla yanaşı, yarış göstərdi ki, hələ də üzərində işləməli olduğumuz müəyyən məqamlar var. Xüsusilə, idmançılarımızın hesabda öndə olduqları görüşləri son saniyələrdə uduzmaları bizə bəzi məqamların üzərində daha ciddi işləməli olduğumuzu göstərdi. Bu istiqamətdə məşq prosesində müvafiq dəyişikliklər ediləcək”.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışda təmsil edib. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

Komanda yarışında isə təmsilçilərimiz 1/8 finalda Almaniyaya məğlub olub – 1:4.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More