Yaxın Şərqdə gərginliyin artması Fars körfəzində gəmiçilik üçün ciddi problemlər yaradıb, burada keçən həftədən bəri təxminən 1 000 gəmidən ibarət tıxac yaranıb.
“Report” xəbər verir ki, bu barədə “S&P Global” bazar iştirakçılarına istinadən bildirir.
Gəmi sahibləri regiondakı narahat vəziyyətə görə tranziti yalnız gündüz vaxtı ilə məhdudlaşdırırlar, eyni zamanda qlobal naviqasiya sistemləri və rabitə vasitələrinin işində yaranan maneələr gəmilərin toqquşma riskini artırır.
“İndi söhbət təkcə gəmilərə mümkün hücumlarla bağlı narahatlıqlardan deyil, həm də birbaşa problemdən – Fars körfəzindən sonuncu yük partiyalarının necə çıxarılmasından gedir. Biz 24 saat əvəzinə gündə yalnız 16-18 saatlıq hərəkət vaxtından istifadə edə bilərik, bu isə gəmilərdən ibarət tıxaclar yaradır”, – mənbə bildirib.
Digər mənbə vurğulayır ki, Fars körfəzindəki gəmilərlə əlaqənin olmaması tez-tez rast gəlinən hadisəyə çevrilir. “Bir çox gəmilərlə əlaqə saxlamaq sadəcə mümkün deyil”, – o qeyd edib.
GPS-in işindəki problemlər naviqasiyanı pozur, digər gəmilərin aşkarlanmasını çətinləşdirir və toqquşma ehtimalını artırır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.