Azərbaycanda səhralaşma problemi: İqlim dəyişikliyi, yoxsa insan faktoru? – ARAŞDIRMA

Son illər iqlim dəyişikliyi və onun yaratdığı fəsadlardan dünya ölkələrinin əksəriyyəti müxtəlif formalarda əziyyət çəkir. Belə fəsadlardan biri də səhralaşma riskidir.

BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyasına (UNCCD) görə, hazırda dünyanın 100-dən çox ölkəsi səhralaşma riski ilə üz-üzədir. Hər il dünyada 12 milyon hektar məhsuldar torpaq səhralaşmaya uğrayır. Səhralaşmadan ən çox əziyyət çəkən ölkələr sırasına Keniya, Tanzaniya, Çin, Hindistan, İran, Qazaxıstan, Türkmənistan, İraq, Suriya və s. daxildir. Dünya əhalisinin təxminən 1 milyardı səhralaşmanın təsirlərinə birbaşa məruz qalır.

Torpaq məhsuldarlığının azalması, əkin və otlaq sahələrinin yararsız hala düşməsi kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün risklər doğurur. Bununla yanaşı, kənd əhalisinin sosial rifahına, köç proseslərinə və regionların dayanıqlı inkişafına mənfi təsir göstərmə halları müşahidə edilə bilər.

“Report” xatırladır ki, BMT-nin Baş Assambleyası tərəfindən 1994-cü ildə “Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü” təsis olunub. Elə həmin ildə 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Azərbaycan bu konvensiyaya 1998-ci ildə qoşulub.

Azərbaycan coğrafi baxımdan müxtəlif relyef və iqlim qurşaqlarına malik olsa da, quraqlıq və səhralaşma riski dünya ölkələrində olduğu kimi, burada da təhlükə olaraq qalır. İqlim dəyişmələri fonunda yağıntının azalması, temperaturun yüksəlməsi, meşə örtüyünün azalması və digər səbəblər bu prosesi daha da sürətləndirir.

Azərbaycanda kənd təsərrüfatına yararlı nə qədər torpaq sahəsi var?

Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların sahəsində son dörd ildə cüzi azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “Report”un sorğusuna cavab olaraq verilən məlumata görə, 2020-ci ildə 4 780,1 min hektar olan bu torpaq sahələri 2023-cü ildə 4 779,6 min hektara enib.

Əkin sahələri 2022-ci ildə 2 052,8 min hektar ilə maksimum həddə çatsa da, 2023-cü ildə bu rəqəm 2 037,4 min hektara düşüb. Otlaq sahələrində də oxşar tendensiya müşahidə olunub – 2020-ci ildə 2 314,2 min hektar olan otlaq sahələri 2023-cü ildə 2 305,5 min hektara qədər azalıb.

Havaların quraq keçməsi, yoxsa insan fəaliyyətinin “töhfəsi”?

Ekoloq Rövşən Abbasov “Report”a bildirib ki, səhralaşma və quraqlıq artıq ekoloji deyil, həm də sosial problemə çevrilib:

“XX əsrin əvvəllərindən başlayaraq insanın təbiətə müdaxiləsi sürətlə artmağa başlayıb. İqlim dəyişmələri, digər tərəfdən şəhərləşmənin genişlənməsi təbii mühiti toxunulmamış ərazilərin getdikcə daralmasına səbəb oldu. Əksər ərazilərdə havanın temperaturunun pisləşməsi ilə paralel olaraq yağıntıların azalması bitki örtüyünü zəiflədir. Bu da bitkilərin və bitki örtüyünün yanğına həssas olmasına səbəb olur. Əvvəlki dövrlə müqayisədə indi otlaqlar, xüsusilə dağ otlaqları otarıldıqdan sonra həssaslaşıb. Çünki əvvəlki kimi torpaq da möhkəm deyil. Otarılma baş verən zaman səhralaşma başlayır”.

Azərbaycanda da bu prosesin baş verdiyini bildirən ekoloq qeyd etdi ki, bir vaxtlar münbit otlaqları olan Qobustanda iqlim dəyişmələri, yağıntıların azalması səbəbindən bitki örtüyü sürətlə azaldı.

O vurğuladı ki, iqlim dəyişmələri meşə yanğınlarının çoxalmasına da gətirib çıxarır:

“Səhralaşmaya iqlim faktorlarından əlavə, insan faktoru kimi baxırıq. Həm havaların quraq keçməsi, həm də insan fəaliyyətinin “töhfəsi” olaraq səhralaşma baş verir. Əvvəllər münbit bitki örtüyü olan ərazilər quraqlıqlara doğru yol alır. Qobustan, Abşeron, Ceyrançöl, Naxçıvan kimi çöl ərazilərdə səhralaşmanın intensivliyi daha güclüdür”.

R.Abbasov mövcud problemlər qarşısında görülən tədbirlərdən danışaraq söylədi ki, otlaqlarda xüsusi konservasiya tədbirləri həyata keçirilməlidir.

“Dövri otarılma sxeminə keçirilməlidir. Sözügedən ərazilərdə yaşıllıq sahələri salınmalıdır. Çinin bu sahədə yaxşı təcrübəsi var. Quraqlığa dözümlü bitkilərin əkilməsi, irimiqyaslı ağacəkmə tədbirlərinin keçirilməsi, ağacların iqlim dəyişmələrinə dayanıqlı olmasına fikir verilməlidir. Bunlar səhralaşmanın qarşısını almağa kömək edə bilər”, – ekoloq vurğuladı.

Azərbaycanın hansı bölgələri daha çox risk altındadır?

Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov “Report”a açıqlamasında Azərbaycanın bəzi regionlarında səhralaşma riskinin aktual olaraq qaldığını və prosesin davam etdiyinə diqqət çəkdi:

“Hazırda Azərbaycanın 70%-ə qədəri səhralaşma təhlükəsi ilə üz-üzədir. Naxçıvanda 1000-2000 metrə qədər olan hündürlüklərdə, Arazboyu düzənliklərdə səhralaşma riski var. Bundan başqa, Kiçik Qafqaz tərəfdə, azad olunmuş ərazilərdə, Həkəriçay dərəsində təxminən 1500 metr hündürlüyə qədər olan ərazilər, Qarabağ silsiləsinin cənub-şərq və şərq yamaclarında, alçaq dağlıq və orta dağlıq ərazilərdə kifayət qədər üstünlük müşahidə edilir. Kür-Araz ovalığı, Gəncə, Qazax düzü, Acınohur, Ceyrançöl, Böyük Qafqaz dağlarının Cənub Şərq hissələri, Abşeron yarımadası da ciddi səhralaşma təhlükəli bölgələrdir. Xəzərsahili düzənliklər də bu sıraya daxildir”.

M.İsmayılovun sözlərinə görə, Azərbaycanda səhralaşan ərazilərin xəritəsi tərtib edilib.

“İşğaldan azad olunmuş ərazilər üçün də xəritə hazırlanıb. Həmin xəritədə səhralaşma riskləri zəif, orta, yüksək, çox yüksək olmaqla kateqoriyalarda qiymətləndirilib. Səhralaşmaya qarşı mübarizədə belə xəritələrin böyük rolu vardır”, – o qeyd etdi.

Şöbə müdiri əlavə etdi ki, suların idarə olunması çox çətin, bəzən də mümkünsüz olduğuna görə yağıntının normal qaydalara uyğun düşməməsi eroziyanı gücləndirir. Bu da, əslində, səhralaşmaya aparan bir meyildir:

“Su ehtiyatlarının düzgün idarə olunması məsələsi hazırda Azərbaycanda ən mühüm problemdir. Bu işin icraçılar tərəfindən düzgün bölüşdürülməsi vacibdir. Elektron bazanın yaradılması və mövcud su ehtiyatları ilə istehlakçılar arasında müəyyən tarazlıq qorunub saxlanılmalıdır. Əgər sistemli iş olmasa, su ehtiyatları çatışmazlığı müəyyən regionlarda özünü göstərəcək”.

Ekspert, həmçinin sözügedən risklər və təhlükələrin qarşısının alınması üçün tədbirləri yetərli hesab etmir.

Səhralaşma ilə mübarizə üçün genişmiqyaslı yaşıllaşdırma tədbirləri

BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyasının ölkə üzrə milli əlaqələndiricisi Toğrul Feyziyev “Report”un sorğusuna cavab olaraq qeyd etdi ki, mövcud tədqiqat və qiymətləndirmələrə görə Azərbaycan qlobal istiləşmənin təsirlərinə məruz qalır:

“Xüsusilə, düzənlik, dağətəyi və alçaq dağlıq ərazilərdə səhralaşmaya meyillilik müşahidə olunur. Bu ərazilər əsasən Naxçıvan Muxtar Respublikası, Ceyrançöl, Acınohur alçaq dağlığı, Kür-Araz ovalığı, Gəncə-Qazax maili düzənliyi, Böyük Qafqazın cənub-şərq hissəsi, Abşeron yarımadası, Samur-Dəvəçi ovalığını əhatə edir”.

O, Azərbaycanın 1998-ci ildən BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyasına qoşularaq beynəlxalq öhdəliklərin yerinə yetirilməsində fəal iştirak etdiyini bildirdi:

“Azərbaycan 2023-cü ilin dekabrında BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyasının 16-cı Tərəflər Konfransında yekdilliklə 2024-2026-cı illər üçün Konvensiyanın Mərkəzi və Şərqi Avropa Regionu üzrə sədr seçilib. 2023-cü ildən etibarən BMT-nin Kənd Təsərrüfatı Təşkilatı və Qlobal Ətraf Mühit Fondunun dəstəyi ilə “Torpaq deqradasiyası neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi həyata keçirilir və layihə çərçivəsində ölkənin bu sahədə strateji hədəfləri müəyyən olunur”.

Feyziyevin sözlərinə görə, Azərbaycanda hər il səhralaşmaya həssas ərazilərdə xüsusi suvarma metodları tətbiq edilməklə genişmiqyaslı yaşıllaşdırma aksiyaları keçirilir:

“2024-cü il ərzində ölkədə 6 milyona yaxın ağacın əkilməsi səhralaşma ilə mübarizəyə mühüm töhfədir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq 2030-cu ilədək ölkədə yaşıllıq sahələrinin payı artırılacaq, yararsız torpaq sahələri bərpa olunacaq, deqradasiya və səhralaşmaya qarşı mübarizə aparılacaq”.

Risklər yaranarsa, aradan qaldırılması üçün işlər görüləcək

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə bildirib ki, bu problem bütün dünyada aktualdır. Yerdə şirin su ehtiyatları gündən-günə azalır. Onun fikrincə, Azərbaycanda kısin səhralaşma riski hazırda aktual deyil: “Azərbaycan dövləti və hökumət bu barədə ciddi tədbirlər görür. “Torpaq Məcəlləsinə” dəyişiklik edilib, həmçinin su təsərrüfatının idarə edilməsi ilə bağlı qurum yaradılıb. Səhralaşma həm də yaşıllıqların azaldılması ilə bağlıdır, Azərbaycanda bunun əksinə hər il yaşıllaşdırma işləri aparılır, xüsusilə işğaldan azad olunan ərazilərdə. Kənd təsərrüfatı sahəsində yeni texnologiyalı suvarma sistemlərindən istifadə edilir. Gələcəkdə yağış sularının istifadə edilməsi məsələsi də aktualdır. Yəni, risklər yaranarsa, aradan qaldırılması üçün işlər görüləcək”.

Nazirlik: Qlobal iqlim prosesləri fonunda Azərbaycanda səhralaşma riskinin artacağı istisna edilmir

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev “Report”a bildirib ki, azsulu dövrlərdə kənd təsərrüfatı səhralaşma və quraqlıq prosesinin əkin və otlaq sahələrinə təsirindən bilavasitə əziyyət çəkir:

“Lakin son 3 il bolsulu dövrə təsadüf etdiyindən quraqlığın mənfi təsirləri qabarıq hiss edilmir. Hazırda su anbarlarında kifayət qədər su ehtiyatı var. Bu onu göstərir ki, ölkə ərazisində yağıntılar davamlı olaraq yaxşı göstəricidədir. Nəticədə yaşıllıqların artımı, dövri intensiv yağışların olması kənd təsərrüfatında suvarma suyundan az istifadəyə, məhsuldarlığa müsbət təsir göstərir”.

Nazirlik rəsmisi əlavə etdi ki, quraqlıq dövrlərdə, məsələn, 2017-2019-cu illərdə kənd təsərrüfatında ciddi sıxıntılar yaşanıb və su çatışmazlığı bu sektora mənfi təsirləri ilə yadda qalıb:

“Hazırda səhralaşma və quraqlığa məruz qalma riski ölkə üzrə əsasən Aran rayonlarında müşahidə edilir. Ümumilikdə, Azərbaycanda kəskin səhralaşma əlamətlərinə rast gəlmirik. İqlim dəyişmələri ilə bağlı tendensiyalara baxdıqda azsulu dövrlərdə torpaq və su resurslarında ciddi çatışmazlıqların yaşanması müşahidə edilir. Bu da quraqlıq əlamətlərini əyani şəkildə göstərir. Bəli, hazırda baş verən qlobal iqlim prosesləri fonunda ölkəmizdə gələcəkdə səhralaşma riski artacağı istisna edilmir. Bu kontekstdə, bölgələrə görə yanaşsaq, Mərkəzi Aran iqtisadi zonası daha çox quraqlığa məruz qalan ərazidir. Bundan başqa, Kiçik Qafqaz, Gəncə-Qazax bölgələrini də riskli ərazilər kimi göstərmək olar. Şimal rayonları da daha çox Samur çayından qidalanır, bu zona da quraqlıq dövrdə həssas bölgələrdən hesab edilir”.

F.Tağıyev torpaqların deqradasiyaya uğraması məsələsinə də toxunaraq əlavə etdi ki, şoranlaşmaya bir sıra amillər səbəb ola bilər. O cümlədən quraqlıq da bu amillərdən biri kimi göstərilə bilər. Mərkəzi Aran iqtisadi rayonu bu siyahıda yer alır. Bu rayonlarda aparılan kənd təsərrüfatı fəaliyyətlərində də bəzən suvarma suyu çatışmazlığı müşahidə olunur.

O bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlər arasında bu istiqamətdə maarifləndirmə aparmaqla onları doğru, düzgün aqrotexniki qaydalara riayət etməklə kənd təsərrüfatı fəaliyyətləri ilə məşğul olmağa çağırır:

“Fermerlərə hər zaman bildirilir ki, Aran zonalarında, xüsusən, qrunt suyu səthə yaxın olan ərazilərdə mütləq şəkildə drenajları aktiv saxlasınlar. Drenajlar işləməlidir ki, o torpaqlarda hər hansı bir izafi su toplanması və şorlaşmaya səbəb olacaq amillər baş verməsin.

Nazirlik olaraq dövlət siyasətinin yürüdülməsi, eləcə də subsidiyalarla dəstəklənmələrdə hər zaman torpaq və su resurslarını qoruyucu fəaliyyətlərə üstünlük veririk. Bu fəaliyyətlərlə bağlı da Aqrar Subsidiya Şurasının müvafiq qərarlarına uyğun olaraq hər zaman resurs qoruyucu yanaşmaları dəstəkləyirik. Kənd Təsərrüfatı Nazirliyi torpaq və su resurslarımızın məhdud olduğunu hər zaman öz prioritet hədəflərində nəzərə alır və bunların davamlı qorunması istiqamətində siyasət yürüdür”.

Görünən odur ki, Azərbaycanda hökumət tərəfindən həyata keçirilən yaşıllaşdırma proqramları, beynəlxalq konvensiyalara qoşulma, torpaqların qorunması və su ehtiyatlarının daha səmərəli idarə olunması istiqamətində addımlar atılır. Mütəxəssislər isə sistemli yanaşma və davamlı səylər nəticəsində səhralaşma riskinin azaldılmasını mümkün sayır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More