Azərbaycan Deflimpiya Komitəsi (ADK) və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsinin yoxlanışı həyata keçirilib.
“Report” ADK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yoxlanış prosesinə Azərbaycan millisinin texniki-taktiki hazırlıq üzrə yaponiyalı məşqçisi Kotora Sasaki, cüdo ixtisası üzrə bakalavr təhsil proqramının rəhbəri, britaniyalı Mayk Kallan və ACF-nin Təhsil şöbəsinin mütəxəssisi Orxan Səfərov rəhbərlik ediblər.
Texniki yoxlanış zamanı idmançıların hazırlıq səviyyəsi təhlil olunub, yarış öncəsi texniki tapşırıqlar üzrə praktik məşqlər həyata keçirilib. Proses zamanı cüdoçuların texniki bacarıqları qiymətləndirilib, onlara inkişaf məqsədilə yeni üsul və texnikalar öyrədilib.
Yoxlanışın əsas məqsədlərindən biri də idmançıların mövcud bacarıqlarını təkmilləşdirməklə yanaşı, onlara beynəlxalq səviyyədə tətbiq olunan müasir yanaşmaları aşılamaq olub. Bu çərçivədə müdafiə və hücum texnikaları, tarazlıq və koordinasiya üzərində xüsusi olaraq dayanılıb, həmçinin fərdi yanaşma əsasında praktiki göstərişlər verilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.