Azərbaycan Ankarada qadınlara həsr edilmiş beynəlxalq tədbirdə təmsil olunub

Türkiyənin paytaxtı Ankarada “Güclü qadınlar, sülhsevər diplomatiya, Keçiörəndən dünyaya” adlı tədbir keçirilib.

“Report”un Türkiyə bürosunun xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) elan etdiyi 24 iyun Beynəlxalq Qadınlar Diplomatiyası Günü münasibətilə ilə keçirilən tədbir Ankaranın Keçiörən Bələdiyyəsinun təşkilatçılığı ilə baş tutub.

Keçiörən Bələdiyyəsinin sədri Mesut Özarslanın xanımı Filiz Özarslanın rəhbərliyi altında Atatürk Cümhuriyyət Qülləsində düzənlənən mərasimdə səfirlər, diplomatik korpusların nümayəndələri, TÜRKSOY ölkələrindən olan təmsilçilər, millət vəkilləri, partiya nümayəndələri, qadın təşkilatlarının sədrləri, Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Aygün Qocayeva və diplomatiyadan yazan azərbaycanlı media nümayəndələri də iştirak ediblər.

Filiz Özarslan açılış çıxışında qadınların cəmiyyətdəki rolundan bəhs edib: “Cəmiyyətimizdə qadınların yeri hər gün daha da güclənir. Bununla belə, qadınların beynəlxalq arenada, xüsusən diplomatiyada oynadığı mühüm rola çox vaxt layiq olduğu tam dəyər verilmir. Biz bu gün mühüm faktı vurğulamaq və qadınların sülh quruculuğuna əvəzsiz töhfələrini şərəfləndirmək üçün toplaşmışıq”.

O deyib ki, diplomatiya bir ölkənin xarici dünya ilə münasibətlərini formalaşdıran, eyni zamanda insani dəyərləri ən yüksək səviyyədə təmsil edən sahədir: “Sülhə, dialoqa və anlaşmaya gedən yol qadın liderliyi ilə gücləndirilir. Qadınların empatiyası, səbri və barışdırıcı yanaşmaları beynəlxalq münasibətlərdə münaqişələri həll etmək, körpülər qurmaq və davamlı sülhü bərqərar etmək üçün unikal gücdür”.

Tədbirdə Başkent Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı Yelda Hatice Ongun, Ankaranın millət vəkilləri Semra Dinçer və Gamze Taşcıer (CHP sədrinin müavini), Bosniya-Herseqovinanın Ankaradakı səfiri, Mirsada Çolakoviç da çıxış ediblər.

Sonda Türkiyənin milli rəqsləri ənənəvi geyimli xanımlar tərəfindən nümayiş etdirilib, əl işlərindən ibarət sərgi ziyarət edilib və hündürlüyü 200 metrədək olan Atatürk Cümhuriyyət Qülləsinin açılışı olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More