Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyaya səfəri çərçivəsində ölkəmizin bir sıra mədəni və yaradıcı sənaye sahələrini təmsil edən nümayəndələrin iştirakı ilə ikitərəfli görüşlər keçirilib.
Mədəniyyət Nazirliyindən “Report”a verilən məlumata görə, Azərbaycanın animasiya, təhsil, film, musiqi, rəqəmsallaşma, zərgərlik və dizayn kimi müxtəlif sahələrdə fəaliyyət göstərən 15 şirkətinin nümayəndələri Xorvatiyanın yaradıcı sənaye üzrə tanınmış qurumları ilə görüşüblər.
Tərəflər arasında keçirilən təqdimat və müzakirələrdə Azərbaycanın mədəni və yaradıcı sənaye sahəsində ixrac potensialı diqqətə çatdırılıb, Xorvatiya bazarına çıxış imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür biznes görüşləri Azərbaycan və Xorvatiya arasında hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlıq üzrə fəaliyyət istiqamətləri çərçivəsində həyata keçirilir. Mədəni və yaradıcı sənaye sahəsində biznes subyektləri arasında bu formatda ilk dəfə təşkil olunan görüşlər, tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli bir addımdır.





Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.