“Elmlər Akademiyası” metrosunun çıxışında görüşəcəkdik. Dedim ki, hava yaxşıdır, özümüzü dörd divar arasına salmayaq, gəzək, çay içək və söhbətləşək.
Belə razılaşmışdıq…
Amma bütün bunlar, sadəcə, yazışma ilə razılaşdırılmışdı. Bir az nigaran idim. Nədən ki müsahibimi tapmaq üçün bir çox qapını döymüş, bir çox adama ağız açmışdım. Nömrəsini tapıb müsahibə üçün razılaşandan sonra da içimdə qəribə bir şübhə var idi: birdən qarışdırarlar, başqa adamın nömrəsini verərlər…
Vədə vaxtı yetişən kimi mesaj yazıb metronun çıxışında olduğumu bildirirəm. Heç bir dəqiqə keçmir ki, telefona zəng gəlir.
– Mən buradayam, gəlin tapın məni.
Bu beş sözlük cümlə ilə bütün narahatlığımın yox olmağı bir olur. Səs həmin səs idi: “Kukla” mahnısındakı həmin doğma səs – indi daha dolğun, daha yetkin…
“Report” bəstəkar-müğənni Zabitə Məmmədova ilə müsahibəni təqdim edir.
– Haralardasınız, ay Zabitə xanım?
– Elə evdə-eşikdə… işdə-gücdə…
– Heç görünmürsünüz. Nə televiziya, nə saytlarda müsahibənizə rast gəlmişəm. Sizin heç bioqrafiyanız barədə də bir kəlmə də olsun məlumat yoxdur.
– Neynirsiniz ki?.. (Gülür) Mənəm də. Nə istəyirsən soruş. Amma əvvəlcə de görüm, məni necə tapmısan?
– Onu deyə bilmərəm, üzürlü sayın (gülürəm). Amma gəlin bir az danışaq, sonrasına baxarıq.
Hüseyn Cavid parkı tərəfə yönəlib söhbətimizi davam edirik.
– Mən həkim ailəsində doğulmuşam. Atam çox yaxşı həkim olub. Atam şəkili, anam isə bakılıdır, mən özüm də Şəkidə doğulmuşam, amma heç bir yaşım olmamış Bakıya köçmüşük.
– Neçənci ildə?
– 1950-ci ildə doğulmuşam. Zabitə adı mənim həm ata, həm də ana nənəmin adından götürülüb.
– Maraqlıdır. Bəs musiqiyə marağınız necə yarandı?
– Uşaq vaxtlarından Sara Qədimova, Şövkət Ələkbərova… o dövrün bütün korifeylərini dinləyir, yamsılayırdım. Oxuya-oxuya evdə hamının baş-qulağını aparmışdım. Məndən böyük bacım və qardaşım artıq musiqi məktəbində skripka dərsi alırdılar. Atam da gördü ki, gecə-gündüz “Ay işığında” oxuyuram…
Fikrini saxlayıb bir az mahnıdan zümzümə edir…
“Mən səni gördüm ay işığında,
Könlümü verdim ay işığında…”
…Beləcə, məni də aparıb qoydular Əfsər Cavanşirovun (azərbaycanlı bəstəkar, incəsənət xadimi, – müəl.) xor dərslərinə. Əfsər müəllim məndən nümunə üçün mahnı oxumağımı istədi. Mən yenə də başladım ki, mən səni gördüm ay işığında… O da əlini əlinə vurub güldü ki, a qızım, bu mahnı sənin üçün deyil. Amma istedadlısan, səni qəbul edirəm. Ondan sonra mənə uşaq mahnıları verməyə başladı. Elə ilk ifa etdiyim mahnı da “Kukla” mahnısı oldu. O mahnını məndən əvvəl “Cücələrim”i oxuyan Suğra Bağırzadə bacısı Nazlı Bağırzadə ilə birlikdə oxumuşdu, amma lentə-filan yazılmamışdı. Əfsər müəllim onları çağırıb tapşırdı ki, “Kukla” mahnısını mənə də öyrətsinlər. Onlar da mahnını mənə öyrətdilər və ondan sonra bütün konsertlərdə həmin mahnını elə mən ifa eləməyə başladım.
– Neçə yaşınız vardı?
– Haradasa, beş-altı yaşım olardı. Mən “Kukla” mahnısını bəstəkar Musa Mirzəyevin piano müşayiəti ilə ifa edirdim. Günlərin bir günü məni Əfsər müəllim səsyazma studiyasına çağırdı. Getdim, gördüm ki, Niyazinin orkestri də oradadır, orkestr ifa elədi, mən də onların müşayiəti ilə oxudum və səsyazma elədik. Boyum çox balaca olduğu üçün mikrofona çatmırdım, məni stulun üstünə çıxardılar, oradan oxumalı oldum. Özü də səsyazma, adətən, çox vaxt alan işdir, alınıb-alınmama məsələsi olur, uzanır, amma o ifam elə bircə dəfəyə alındı.
– Onda “Kukla” mahnısı sizin üçün doğmadır. Məsələn, mən də sizi onun sorağı ilə tapmışam.
– Elədir. Ən doğması, ən yadda qalanı odur. Amma belə başqa ifalarım çoxdur. Mən o mahnıdan sonra əməllicə soraq saldım. Məşqlərimizin birincə “Kukla” mahnısının bəstəkarı Ağabacı Rzayeva gəldi. Mənim üçün Moskva səfərindən kukla gətirmişdi, elə oradaca bağışlayıb getdi. Yadımdadır.
Bir az ara verib ətrafa göz gəzdirir. Çaydan bir-iki qurtum alıb davam edir.
…Bir gün Oqtay Zülfüqarov bizə qonaq gəlmişdi. Özü ilə gətirdiyi Hindistan vazasını bizə bağışlayıb ailəmlə, mənimlə tanış oldu və ondan sonra onun bir çox mahnısını oxudum. “Sərçə”, “Lay-lay”, “Bizim bağça” ən məşhurlarıdır.

– Neçə uşaq mahnısı oxumusunuz?
– Ümumilikdə, haradasa, 300-dən çox uşaq mahnısı oxumuşam. Bəstəkar Azər Rzayevin “Quzum” mahnısı da mənim üçün əzizdir. Bilirsiniz, mənə qədər bu mahnıları Sona Aslanova, Gülağa Məmmədov kimi yaşlı ifaçılar oxuyurdu. Mən isə uşaq idim, uşaq səsi idim deyə, mənim ifam daha yaddaqalan oldu.
– Bəs sonra nə oldu? Musiqi təhsilini harada aldınız?
– Məktəb yaşım çatan kimi məni Bülbül adına orta ixtisas musiqi məktəbinə apardılar. Direktor Tahir Atakişiyev məni məktəbə qəbul eləmədi, səbəb də bu oldu ki, bu qızın bacısı və qardaşı da burada oxuyur. Olmaz.
– Niyə? Nə dəxli var ki?
– Nə bilim? Bacımla qardaşım orada skripka təhsili alırdı. Ona görə də mən 132 nömrəli məktəbə gedəsi oldum. Altıncı sinifdə isə elə oldu ki, Bülbül adına musiqi məktəbinə keçirdilər. Orada qabiliyyət imtahanı verəndə mənə dedilər ki, bu uşaqda mütləq musiqi duyumu var, bu, çox nadir şeydir. Üzümü çevirirdim, kimsə orada səs edirdi, mən tez deyirdim ki, ifa hansı notların üzərində oldu və təkrarlaya bilirdim.
– Bəs bacı-qardaşınız indi haradadır? Musiqi ilə məşğuldurlar?
– Onlar da işlərində-güclərində… Bacım Moskvada musiqi məktəbində dərs deyir. Qardaşım isə evdə skripkadan tələbə öyrədir.
– Ailə qurmusunuz?
– Bəli. Bir qızım, bir oğlum var. Qızım Konservatoriyada Xuraman Qasımovanın sinfini bitirib.

– Bəs nəvəniz var?
– Bəli, iki nəvəm var.
– Yəqin, balacadırlar. Uşaq ifalarınıza qulaq asırlar?
– Əlbəttə. Qulaq da asırlar, oxuyurlar da. Biri hələ çox balacadır, biri isə böyük. Amma belə bizə gələn kimi məni götürüb aparılar pianinonun yanına, deyirlər ki, nənə, oxu.
Bir ara mənim ifa elədiyim “Kukla” mahnısının səs yazısı olan kuklalar istehsal edilmişdi. Onlardan alıb vermişdim nəvələrimə. İndi də evdə qalır bir neçəsi.
– Siz axırıncı dəfə nə vaxt efirə çıxmısınız?
– Əvvəllər olub. Belə dəqiq xatırlamıram. Verilişin formatından asılıdır belə şeylər.
– Zabitə xanım, indiki nəsil bir az fərqlidir, telefon-planşet dövründə oxuduğunuz mahnılar uşaqlar üçün maraqlıdırmı, sizcə?
– Əlbəttə, o cür mahnıların dövrü olmur ki… yenə də maraqlıdır. Bu yaxınlarda görürəm ki, müğənni Elnarə Xəlilova həmin “Kukla” mahnısını oxuyub.
– Bəyənmişdiniz?
– Yox, yox, qəti! Bəyənmədim. O, mahnını muğam üstündə oxuyub, uşaq mahnısını elə oxumazlar axı…
– Özünə bildirdiniz?
– Yox, mən heç onu görməmişəm.
– Bəs oxumaq üçün sizdən icazə almamışdı?
– Yox, mənə heç kəs heç nə deməyib. Amma uşaq verilişləri olur, baxırsan ki, “Kukla” mahnısını oxumaq üçün onu dəvət edirlər. Belə çox şey olur e, nə bilim. Bir dəfə Oqtay Zülfüqarov haqqında veriliş çəkmişdilər. Amma oraya məni çağırmamışdılar. Oğlu Cahangir Zülfüqarova dedim ki, hər gün ittifaqda məni görürsən, mən necə sənin yadına düşməyə bilərəm? Mən axı Oqtay Zülfüqarovun nə qədər mahnısını oxumuşam…
– Nə dedi?
– Heç nə. Nə deyəcək? Başını salıb getdi. Mənim üçün əsas odur ki, “Qızıl fond”da bu kimi ifalar mənim adımadır.
– Amma bəzən “Kukla” və digər uşaq mahnılarını başqa uşaq ifaçıların da adına yazırlar.
– Hə, elə də olur, düzdür. Amma dediyim kimi, əsas “Qızıl fond”dur, oradakı səs də mənimdir.
– Zabitə xanım, hazırda bəstəkar fəaliyyəti ilə məşğulsunuz. Bir az da ondan danışaq. Nə yazırsınız? Uşaq mahnıları bəstələyirsinizmi?
– Bəli, əlbəttə. Hətta biri bu yaxınlarda müsabiqədə birinci yerə layiq görüldü. Zülfiyyə İbrahimovanın xorundan balaca bir qız var, adını unutdum, o oxudu, birinci oldu.
– Nə müsabiqəsi idi ki? Nazirlik keçirirdi?
– Uşaq mahnıları ilə bağlı müsabiqə idi, düzü, təşkilatçıları bilmirəm.
– Mükafat verdilər?
– Hə.
– Yaxşı idi?
Bu sualıma bir xeyli gülür… Gülə-gülə də cavab verir:
– Hə, babat idi.

– Hazırda hansısa əsər üzərində işləyirsinizmi?
– Bəli, “Can Azərbaycan” adlı simfonik poemam var, onunla məşğulam. Ümid edirəm, yaxın zamanlarda bitirəcəyəm.
– Bəs uşaqlar üçün?
– Bir neçəsi var. “Mənim oyuncaqlarım”, “Balaca rəssam”…
– Kim oxuyur bu mahnıları?
– Məndə telefonda var hamısı.
– Yox, səsyazma studiyasında yazılmasını nəzərdə tuturam. Yəni kimlər ifa edir?
– Elə olmayıb, verilişlərdə olub, vəssalam. Amma mənim bir çox mahnımı tanınmış müğənnilər oxuyub. Səkinə İsmayılova, Flora Kərimova.
– Flora xanım hansı mahnınız oxuyub?
– “Ulduzların qanadında”. Vahid Əzizin sözlərinə bəstələmişdim. Amma tapa bilmirəm onu. Səkinə xanım isə “Ay ana”, bir də “Lay-lay Nərminə” mahnılarımı oxuyub.
– Bəs gənc müğənnilər?
– O da olur bəzən. Mənsum İbrahimov.
– Mənsum İbrahimov gənc deyil axı.
– Hə, deyil, amma o mənim tələbəm olub. Mən Asəf Zeynallı adına Musiqi Kollecində işləyən vaxt bir xeyli tələbəm olub.
– Məsələn, kimlər?
– Alim Qasımov, Gülyaz, Gülyanaq Məmmədovalar.
– Alim Qasımovla yaşıdsınız təxminən.
– Hə, nə olsun, mənə böyüklərdən ibarət qrup vermişdilər. Alim Qasımov da o qrupda idi, onlara musiqi ədəbiyyatından dərs deyirdim.
– Tələbələrinizin hamısının fəxri adı var, bir sizdən başqa.
– Hə, elədir, mənim fəxri adım yoxdur, amma nə bilim? Çox üzdə olmamışam, yəqin.
– Günah da özünüzdə.
– Yəqin elədir.
– Belə ümumilikdə fəxri adlar barədə nə düşünürsünüz?
– Görək də. Bəlkə, bir gün mən də aldım, ümidliyəm.
– Deyirlər, adları yığışdıracaqlar axı.
– Yığışdırsalar, onda gərək hamıdan geri alsınlar.
– Zabitə xanım, “Kukla” mahnısından sonra bir xeyli səs yaratdınız deyirsiniz. Bəs nə əcəb cizgi filmlərində-filan səsinizdən istifadə etməyiblər?
– Cizgi filmi yox, amma lap uşaq yaşlarımda Yaşar Nuri, Fuad Poladovla birlikdə televiziya tamaşalarından birində iştirak eləmişəm.

– Hansı tamaşa? Adını xatırlayırsınız?
– Nə bilim, unutmuşam… Nəsə qəribə bir paltar geyindirib saçımı da burmuşdular.
Əlini saçlarına aparıb buruq-buruq saç formasını göstərməyə çalışır.
Yadımda qalan budur. O vaxt hər yerə dartıb aparırdılar məni, bir ara evdəkilər narazılıq edirdi ki, dərslərimdən qalıram.
– İndi aparmırlar amma. Bəs baxırsınız efirlərə? Musiqi durumumuz barədə nə düşünürsünüz?
– Baxıram, amma nə deyim?!. İndi çatan mahnı bəstələyir. Bəstəkar olmayan özünü bəstəkar adlandırır, az qalıb ki, süpürgəçilər də mahnı düz-qoş eləsin. Mən süpürgəçiləri aşağılamıram, o da pul qazanır, ailə saxlayır, demək istədiyim odur ki, hər yetən musiqi bəstələyir, çıxar efirə. Efirdə səviyyəsiz musiqilər, mahnılar baş alıb gedir. Hər şeyin gərək bir səviyyəsi, forması olsun axı… Mahnıların da çoxu bir-birinin təkrarı. Yəqin, bununla məşğul olunmalıdır, analiz edilməlidir. Kimdir edən? Heç kim.
Keçən dəfə televizora baxıram, balaca bir oğlanı çıxarıblar, o da oxuyur ki, ölürəm, sevirəm səni. Bu onun yaşına uyğun deyil axı.
– O vaxt siz də elə olmusunuz da. Bayaq dediniz ki, üç yaşınız olan vaxt ay işığı deyə-deyə evdəkiləri dəng eləmisiniz.
– Hə… (gülür) Düzdür. Mən də oxumuşam.
Yenə başlayır “Ay işığı” mahnısını oxumağa.
“Mən səni gördüm ay işığında,
Könlümü verdim ay işığında…”
Amma mən evdə oxuyurdum da, bunlar televiziyaya çıxırlar.
– O vaxt cəmi bir televiziya var idi də, hər adam çıxa bilmirdi. İndi elə deyil.
– Hə, o da düzdür. Onda AzTv məni, az qala, hər həftə verilişə çağırırdı.
– Bəs indi?
– İndi yox. Bir az formatı dəyişib. İndi özüm mahnılarımı “Youtube” kanalıma yerləşdirirəm. “Kukla” mahnısını da kanalıma yerləşdirmişəm.
Yenə başlayır oxumağa:
“Ay uzun saç, qara göz, ağıllı kuklam mənim,
Gəl əlifba oxuyaq, sən şagird ol, mən müəllim”.
– Belə sizi küçədə görəndə tanıyan olur?
– Hə, olur. Yaxınlaşırlar ki, siz “Kukla” mahnısını oxuyan xanımsınız.
– Məşhursunuz əməlli-başlı, daha nə istəyirsiniz? Məşhur olmaq necə bir hissdir?
– Utanır adam. Bir az da fərəh hissi olur. Qarışıq hissdir…
– Bu qədər mahnı yazırsınız, bəs yazdığınız mahnıları niyə satmırsınız?
– Kimdir ki alan? İndi hamı mahnı yazır. Hamı.
– Adətən, bizim müsahibələrdən sonra nəsə müsbət tərpənişlər olur. Olsa, şirinlik sizdən. Razısınız?
– Əlbəttə. Elə sizin məni axtarıb tapmağınız özü böyük işdir. Tərpəniş olsun, şirinliyiniz məndədir. Amma sən demədin ki, məni haradan tapmısan. Eybi yoxdur. Daha tərcümeyi-halım barədə əlində xeyli məlumat var. Get, yaz… Görək nə olur…
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.