Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, BMT Baş Assambleyasının sabiq Prezidenti Maria Fernanda Espinoza London İqlim Həftəsi çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan və təbiətlə insan harmoniyasını əks etdirən xüsusi poemasını təqdim edib.
“Report”un məlumatına görə, Espinoza çıxışında vurğulayıb ki, Nizami Gəncəvi əsərlərində insanın təbiət qarşısındakı məsuliyyətini və kainatla harmoniyada yaşamaq zərurətini dərin fəlsəfi düşüncə ilə ifadə edib.
“Onun bu mesajları bu gün iqlim böhranı dövründə xüsusi aktuallıq kəsb edir”, – o qeyd edib.
Qeyd edək ki, London İqlim Həftəsi qlobal iqlim gündəliyinin formalaşdırılmasında aparıcı platformalardan biridir. Hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, biznes liderləri və vətəndaş cəmiyyətinin iştirak etdiyi bu həftə, iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin vacibliyini ön plana çıxarır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq ikinci ildir ki, London İqlim Həftəsinin tərəfdaşı kimi bu mühüm qlobal platformada iştirak edir. Mərkəz iqlim diplomatiyasının gücləndirilməsi, COP29 zamanı Azərbaycanda əldə olunmuş təcrübənin paylaşılması və COP30 prosesinə töhfə verilməsi istiqamətində öz rolunu genişləndirməkdədir.
Espinozanın təqdim etdiyi poema, yalnız poetik bir əsər deyil, həm də çağırışdır — insanın təbiətlə yenidən barışması, gələcək nəsillər üçün dayanıqlı həyat tərzinin təmin olunması məqsədilə birgə məsuliyyətə dəvətdir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.