ABŞ-də Amerika-Azərbaycan Gənclərinin II Forumu başa çatıb

ABŞ-nin Virciniya ştatında fəaliyyət göstərən Corc Meyson Universitetinin ev sahibliyi ilə keçirilən Amerika-Azərbaycan Gənclərinin II Forumu yekunlaşıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı və Amerika-Azərbaycan Gənclər Federasiyasının (AAYF) təşkilati dəstəyi ilə keçirilən forumda ABŞ-nin 23 ştatında yerləşən 37 ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

“Gələcəyin Liderliyi üçün Gəncləri Birləşdirmək” mövzusuna həsr olunmuş forumun ikinci günündə ABŞ-də fəaliyyət göstərən təcrübəli azərbaycanlı mütəxəssis Leyla Novruzova tərəfindən “Həyatınızı sevin: Karyeranızı məqsədlə bağlı qurun” mövzusunda təlim keçirilib. İnteraktiv formada keçirilən təlimdə gənclər gələcək planları, motivasiya və dözümlülüklə bağlı suallar ünvanlayıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürlü və ABŞ-də fəaliyyət göstərən gənc iş adamı Ülvi Verdiyevin idarəçiliyi ilə intellektual “Brain Ring” yarışması təşkil olunub. 30-dan çox gənc 6 müxtəlif komandada bilik və bacarıqlarını sınayıb. Yarışmada Azərbaycan mədəniyyəti ilə bağlı suallar da yer alıb. Finalda “Du-Səh” komandasını məğlub edən “4+1” komandası qalib olub. “Azərbaycan Evi”nin koordinatoru Nigar İbrahimova qalib gənclərə hədiyyələr təqdim edib.

Forumun bağlanış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova fəal iştirak edən gənclərə təşəkkür edib, onlara təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Forumun sonunda Səlhət Abbasova tərəfindən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More