Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib

Fransa Milli Meteorologiya Xidməti Paris və ölkənin 15 mərkəzi departamenti üçün maksimum, “qırmızı” təhlükə səviyyəsi elan edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölkənin daha 68 bölgəsində “narıncı” xəbərdarlıq edilib.

Sinoptiklərin proqnozuna görə, risk zonasında havanın temperaturu 38-41 dərəcəyə çatacaq, ölkənin əksər ərazilərində isə 34 dərəcədən yuxarı olacaq. Bazar ertəsi gecəsi bütün müşahidələr tarixində iyun ayının ən istisi olub, termometrlər 28 dərəcədən aşağı düşməyib.

Meteorologiya xidməti bildirib ki, qırmızı səviyyə əhalinin bütün qrupları üçün təhlükəli olan ekstremal və uzunmüddətli isti dalğası deməkdir. Hakimiyyət artıq ehtiyat tədbirləri görüb. Belə ki, ölkə üzrə 200 məktəb müvəqqəti olaraq bağlanacaq.

İspaniyada yaxın iki gün ərzində gündüz temperaturu 40 dərəcədən yuxarı qalacaq, gecə isə ən azı 25 dərəcəyə çatacaq. Şənbə günü İspaniyanın El Qranado şəhərində ölkədə iyun ayı üçün rekord yüksək temperatur qeydə alınıb – 46 dərəcə. Bundan əvvəlki rekord 1965-ci ildə Sevilya şəhərində temperaturun 45,2 dərəcəyə qalxdığı vaxt qeydə alınıb.

Portuqaliyanın 18 əyalətindən yeddisində, İtaliyanın isə 20-dən çox şəhərində istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib. Londonda havanın temperaturu bazar ertəsi günü 29,7 dərəcəyə yüksələrək 2001-ci ildə təyin edilmiş rekord temperaturu 29,3 dərəcəni keçib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More