Rusiya Yekaterinburqdakı zorakılıqlara yalan açıqlamalarla don geyindirməyə çalışır.
“Report” xəbər verir ki, bu, Türkiyənin “Haber Global” telekanalının iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi ilə bağlı xüsusi süjetində yer alıb.
“Rusiyanın qəzəb doğuracaq əməliyyatı. Azərbaycanlı ailə niyə hədəfə alındı?” adlı süjetdə Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı qanunsuz əməliyyat keçirdiyi vurğulanır, “şovinizm Rusiyanın dövlət siyasətinə gəlirmi?” sualına cavab axtarılır.
Qeyd edilir ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb. Verilişdə xüsusi vurğulanır ki, fotolar azərbaycanlılara qarşı işgəncələrin necə dəhşətli olduğunu göstərir.
Ekspert kimi çıxış edən mütəxəssislər Rusiyanın hüquq-mühafizə orqanları bu qanunsuzluqlarını guya 2000-ci illərin əvvəllərində baş verən cinayət hadisəsinin “araşdırılması” ilə əsaslandırsalar da, bir sıra qaranlıq məqamların olduğunu vurğulayıblar. Eskpertlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının evinə basqın etdiyi iki azərbaycanlını öldürüb, şübhəli şəxs kimi saxladıqları daha bir neçə nəfərə ağır xəsarətlər yetirdiklərini vurğulayıblar.
Qeyd olunur ki, Azərbaycan bu məsələyə haqlı reaksiya verib. Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb. Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşlarının bu qanunsuzluğu ilə bağlı şübəli məqamlar mövcuddur.
Həmçinin xatırladılır ki, ötən ilin sonlarında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulmasından üç gün keçsə də Rusiya rəsmiləri bu hadisə ilə bağlı xoşagəlməz münasibət sərgiləyiblər və bununla bağlı yalan açıqlamalar veriblər.
Qeyd olunur ki, Rusiya AZAL məsələsində olduğu kimi Yekaterinburqda törədilən zorakılıqlara da yalan açıqlamalarla don geyindirməyə çalışırlar. Bu isə Azərbaycanın narazılığına səbəb olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.