Milli Observatoriya sədrinin müşaviri yenidən BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib

Nyu Yorkda BMT-nin Baş Qərargahında “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”ya Tərəf Dövlətlərin 12-ci iclası olub.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclas çərçivəsində BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 2026-2029-cu illər üzrə üzvlüyünə 2025-ci il dekabrın 31-dən sonra vakant olacaq 7 yer üçün seçkilər keçirilib.

Bir sıra ölkələrin namizədləri arasından Azərbaycan Respublikasının namizədi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə heyəti sədrinin müşaviri Azad Tağı-zadə 57 ölkədən 55-nin səsini qazanaraq ən yüksək nəticə göstərib.

Beləliklə, o, yenidən BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 2026-2029-cu illər üzrə üzvü seçilib.

Qeyd edilən Komitə 14 müstəqil ekspertdən ibarətdir və Tərəf Dövlətlər tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”nın icrasına nəzarət edən bir orqandır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More