Yekaterinburq hadisəsinin günahkarları cəzalandırılmasa, iki ölkənin münasibətlərində soyuqluq dövrü başlaya bilər.
Bunu “Report”a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib.
Onun sözlərinə görə, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı mənzillərdə aparılmış genişmiqyaslı əməliyyat çox ciddi və narahatedici olduğundan həm hüquqi, həm də humanitar aspektdən dəyərləndirilməlidir:
“Belə bir vəziyyətə münasibət bildirərkən balanslı, hüquqa əsaslanan və insan hüquqları çərçivəsində mövqe ortaya qoymaq zəruridir. Bu hadisə etnik mənsubiyyətinə görə insanlara qarşı hüquq-mühafizə tədbirlərinin mütənasiblik və zərurət prinsiplərinə riayət olunub-olunmaması məsələsini gündəmə gətirir. Məsələyə yanaşma hüquqi baxımdan şəffaf və ədalətli olmalıdır. Hadisənin hüquqi əsasları, əməliyyatın səbəbləri və hüquq-mühafizə orqanlarının bu qədər ağır nəticələrə səbəb olan davranışları barədə rəsmi və şəffaf izahatın verilməsi tələb olunur”.
Hüquqşunas bildirib ki, ilk növbədə, Rusiya hüquq-mühafizə orqanlarının əməliyyat zamanı silahlı gücdən istifadə etməsi, nəticədə iki nəfərin həyatını itirməsi, beynəlxalq hüquq və insan hüquqları çərçivəsində mütənasiblik və son zərurət kimi güc tətbiqi prinsipləri baxımından araşdırılmalıdır:
“Ölüm hallarının səbəbləri üzrə dərhal müstəqil istintaq başlanmalı, zorakılığın qanuni əsaslarının olub-olmaması müəyyənləşdirilməlidir. Saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamların hüquqi çərçivədə araşdırılması və onların hüquqlarının təmin edilməsi zəruridir. Hadisənin bir çox səbəbləri ola bilər. Amma qəti şəkildə nəyinsə üzərində dayanmaq mümkün deyil. Rusiya tərəfindən azərbaycanlılara qarşı atılan bu cür sərt addımlar çoxvektorlu və struktur səbəblərə dayanır. Burada etnik profilə görə diskriminasiya, daxili siyasi manevr, geosiyasi təzyiq, hüquq-mühafizə sisteminin avtoritar mahiyyəti və iqtisadi nəzarət mübarizəsi kimi amillər bir-birinə qarışır”.
Əlövsət Allahverdiyev
Ə.Allahverdiyev qeyd edib ki, Azərbaycan bu cür hallara qarşı həm diplomatik-hüquqi müdafiə, həm də beynəlxalq təzyiq və monitorinq mexanizmləri ilə cavab verməlidir:
“Bu hadisə Rusiya ərazisində yaşayan milyonlarla azərbaycanlı üçün təhlükəsizlik və hüquq baxımından psixoloji gərginlik yaradır. İnsanlar özlərini daha çox təhdid altında hiss edə, hətta bəzi ailələr geri dönmək və ya başqa ölkələrə köçmək qərarına gələ bilər. Bu isə Rusiya iqtisadiyyatında azərbaycanlıların oynadığı real rolu zəiflədə, eyni zamanda diasporun Moskvaya loyallığını azalda bilər”.
Hüquqşunas vurğulayıb ki, bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinə olduqca ciddi zərbədir:
“Azərbaycan-Rusiya münasibətləri illərdir “praqmatizm və balans” prinsipi üzərində qurulub. Lakin bu hadisə göstərir ki, Azərbaycan vətəndaşlarının və soydaşlarının təhlükəsizliyi və hüquqları pozulduqda bu münasibətlərin əsası zədələnə bilər. Əgər Rusiya tərəfi hadisəni obyektiv, şəffaf şəkildə izah etməz və məsuliyyət daşıyanları cəzalandırmasa, münasibətlərdə yeni soyuqluq dövrü başlaya bilər”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.