Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi sözün həqiqi mənasında barbarlıqdır – RƏY

Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də bu ölkənin hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı milli zəmində həyata keçirdiyi məqsədli hücumlar, törətdiyi qətllər və zorakılıq əməlləri sözün həqiqi mənasında barbarlıqdır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrı-seçkiliyin ən yüksək səviyyədə olduğunu və sistemli şəkildə həyata keçirildiyini açıq şəkildə göstərir:

“Hadisələrin şahidi olmuş yerli sakinlərin və orada yaşayan soydaşlarımızın verdiyi ifadələr, vəziyyətin sadəcə spontan deyil, mərkəzdən yönləndirilən bir siyasətin tərkib hissəsi olduğunu təsdiqləyir. Ukraynaya qarşı təcavüzkar müharibə aparan və buna görə bütün dünya tərəfindən qınanan, təklənən Rusiya üzləşdiyi insan qıtlığı problemini aradan qaldırmaq üçün ölkədəki miqrantlara qarşı müxtəlif təzyiq, şantaj və məcburetmə hərəkətləri tətbiq etmək yolu ilə onları savaşa cəlb etməyə çalışır. Miqrantlar müxtəlif formalarda – narkotiklərlə şərlənərək, törətmədikləri cinayətlərə görə təqsirləndirilərək, ailələri ilə təhdid olunaraq müharibəyə getməyə məcbur edilirlər. Onlara əvvəlcədən vəd olunan kompensasiyalar verilmir, qayıtdıqdan sonra isə yenidən təhdidlərə məruz qalırlar. Bu, insan haqlarının və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Milli Məclisin üzvü bildirib ki, yalnız miqrantlar deyil, Rusiya vətəndaşı olan, lakin milli kimliyi rus olmayan şəxslər də təqib və diskriminasiyaya məruz qalırlar:

“Rusiyada qeyri-rus xalqlara qarşı həmişə şovinist əhvali-ruhiyyə hökm sürüb, onlara qarşı diskriminasiya siyasəti həyata keçirilib və hazırda da bu siyasət davam edir. Rusiyanın bu şovinist diskriminasiya siyasətinin əsas hədəfi həm də bu ölkə vətəndaşı olan müsəlman xalqlardır. Ölkədəki qeyri-rus xalqların nümayəndələrinə qarşı açıq təzyiqlər edilir, onlar Ukraynaya qarşı aparılan müharibəyə cəlb edilir. Bu, artıq tək-tək regionlarla məhdudlaşmır, demək olar ki, Rusiyanın bütün ərazilərində eyni tendensiya müşahidə olunur. Rusiya rəsmilərindən bəziləri isə bu siyasətin önündə gedərək özlərini “qəhrəman” kimi təqdim etməyə çalışırlar. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb olunması ilə bağlı etirafları və açıqladığı statistika bu hadisələrin təsadüfi yox, dövlət səviyyəsində həyata keçirilən proses olduğunu göstərir”.

V.Qafarov qeyd edib ki, son iki yüz ildən çoxdur Azərbaycan xalqı Rusiyadan aldığı zərbələri unutmayıb:

“XIX əsrin əvvəllərində Azərbaycanı işğal edən Rusiya azərbaycanlılara qarşı həmişə irqi-milli zəmində diskriminasiya siyasəti həyata keçirib, 1918-ci ildə azərbaycanlılara qarşı soyqırım cinayətinin iştirakçısı olub, 1920-ci ilin aprelində Azərbaycanı yenidən işğal edib və Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyub, 1990-cı ilin 20 yanvar qırğınını həyata keçirib, 1992-ci ildə Xocalı soyqırımının törədilməsində və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalında əsas rol oynayıb, Azərbaycanın 20 faiz ərazisinin 30 ilə yaxın Ermənistanln işğalı altında qalmasının arxasında dayanıb. Azərbaycan hələ də öz mülki təyyarəsinin Rusiya tərəfindən vurulması hadisəsini unutmayıb. Bu məsələdə Rusiyanın nümayiş etdirdiyi passivlik və məsuliyyətsizlik qəbuledilməzdir. Azərbaycan bu hadisəni beynəlxalq müstəviyə çıxararaq günahkarların cəzalandırılması və kompensasiyanın təmin olunması istiqamətində səylərini davam etdirəcək. Bundan əlavə, Azərbaycan parlamentinin üzvünün Həştərxanda keçirilən tədbirə dəvət almasına baxmayaraq, Rusiya ərazisinə buraxılmaması da ikitərəfli münasibətlərdə narahatlıq doğurur və dostluq prinsiplərinə ziddir”.

Deputat vurğulayıb ki, Rusiyada digər xalqlara qarşı şovinist əhvali-ruhiyyə yeni mərhələyə qədəm qoyub:

“Artıq islamofobiya açıq təzyiq və repressiyalar formasında özünü göstərməyə başlayıb. Bu, xüsusilə müsəlman xalqlara qarşı açıq təqiblərin artması ilə müşahidə olunur. Kremlə yaxın olan şəxslərin, xüsusilə Vladimir Solovyov kimi şəxslərin anti-Azərbaycan ritorikası isə bu proseslərin mərkəzdən yönləndirildiyinə dair əlavə sübutlardır. Bütün bu proseslər fonunda Ermənistanda revanşist qüvvələrin fəallaşması və Koçaryan-Sarkisyan tandemini Rusiyanın dəstəkləməsi xüsusi narahatlıq doğurur. Bu, Rusiyanın Cənubi Qafqazda yeni qarşıdurmalar yaratmaq niyyətindən xəbər verir”.

V.Qafarov həmçinin söyləyib ki, proseslər Rusiyanın regionda sabitliyi pozmaqla öz təsir imkanlarını bərpa etməyə çalışdığını göstərir:

“Azərbaycan hər zaman Rusiya ilə münasibətlərdə səmimi olub, dostluq və tərəfdaşlıq mövqeyi sərgiləyib. Biz Rusiyadan Azərbaycana və azərbaycanlılara qarşı münasibətdə şovinizm, diskriminasiya və milli ayrı-seçkilik siyasətindən əl çəkməsini, ölkələrimiz arasında hər iki ölkənin maraq və mənafelərinə uyğun bərabərhüquqlu dostluq münasibətlərinin davam etdirilməsi üçün səmimi davranış sərgiləməsini və bunun üçün lazım olan addımların atılmasını gözləyirik”.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More