Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşilik misli görünməmiş ağır cinayətdir.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə basqın edilməsi, günahsız insanların qətlə yetirilmələri və vəhşicəsinə döyülmələri rus şovinizm siyasətinin tərkib hissəsidir:
“Baş verən zorakılıq Rusiya ərazisində son vaxtlar azərbaycanlılara qarşı yönəlmiş yeganə təxribat deyil. 2024-cü ilin dekabr ayında Azərbaycan mülki təyyarəsinin vurulması insidentinə hələ də rəsmi münasibət bildirilməyib, günahkarlar məsuliyyətə cəlb olunmayıb, cəzalandırılmayıb. Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdə susqun davranması, hərəkətsizliyi narazılığı artıran amillərdəndir”.
Deputat bildirib ki, Rusiyanın siyasətinin kökündə dayanan və digər xalqlara, xüsusilə də müsəlman və türk xalqlarına qarşı dözümsüzlük, ayrı-seçkilik, diskriminasiya, islamofobiya halları güclənməkdədir:
“Bəzi dünya gücləri Azərbaycanın müstəqil siyasətini həzm edə bilmədikləri zaman-zaman atdıqları addımlar vasitəsilə nümayiş etdirirlər. Ölkəmizə qarşı təzyiq cəhdləri həmin addımlar sırasındadır. Yekaterinburqda baş verən qətl hadisəsi də bu təzyiqlərin növbəti təzahürüdür. Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq və qanunsuz həbslər beynəlxalq hüquq normalarına tamamilə ziddir. Bu, artıq qonşuluq, tərəfdaşlıq deyil, riyakarlıqdır. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkil olundu və bunun arxasından da Rusiya çıxdı. Rusiya ölkəmizə qarşı hansı mövqedə dayandığını bəzi məqamlarda “özünə sirr, başqalarına bəlli olan” şəkildə nümayiş etdirir. Bunun üçün 30 illik işğal dövrünü yada salmaq kifayətdir”.
Vüqar Rəhimzadə
V.Rəhimzadə qeyd edib ki, Rusiyada ənənəvi olaraq hər zaman digər xalqlara qarşı şovinist əhvali-ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikaya çevrilib:
“Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrı-seçkilik, diskriminasiya və islamofobiya güclənir. Ukrayna ilə müharibədə istədiyi nəticəni əldə edə bilməyən Rusiya digər xalqların nümayəndələri arasından düşmən axtarışına başlayıb. Kremlin əlaltısı olan Solovyov kimi ünsürlərin şovinist, açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosesin idarə olunduğunu aydın göstərir”.
Milli Məclisin üzvü vurğulayıb ki, bu gün Rusiya ona qardaş olan, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, bu ölkənin şəhər və kəndlərini yer üzündən silirsə, Buçada soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla məhv edirsə, onda digər xalqlara qarşı daha qəddar davranışı təəccüb doğurmur:
“Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya siyasəti sistemli hal alıb. Rusiya hüquq-mühafizə orqanlarının “ixtira” etdiyi və geniş şəkildə istifadə edilən “etnocinayətkarlıq” anlayışı da sadəcə bu ölkədə digər xalqların nümayəndələrinin cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmağa hesablanıb”.
V.Rəhimzadə söyləyib ki, Yekaterinburqda baş verən hadisələr planlaşdırılmış, xüsusi məqsədli bir cinayətdir:
“Azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli bədən xəsarəti faktları ilə bağlı günahkarlar dərhal cəzalandırılmalıdır. Rusiya tərəfindən həyata keçirilən bu siyasət qarşıdurmaya, etimad itkisinə xidmət edir”.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.