Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu başa çatıb – YENİLƏNİB

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu başa çatıb.

“Report” xəbər verir ki, tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, ECO-nun Baş katibi Əsəd Məcid Xan çıxış ediblər.

Onlar ECO çərçivəsində ilk dəfə baş tutan forumun gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacağına inandıqlarıni qeyd ediblər.

Daha sonra tədbir çərçivəsində “Yüksək səviyyəli perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirə aparılıb.

Növbəti panel sessiya isə “Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının dayanıqlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə milli perspektivlər” mövzusuna həsr edilib.

Panel müzakirələrin sonunda isə gənclər tərəfindən işçi qruplar yaradılıb və gənclər siyasəti müzakirə olunub.

Tədbir çərçivəsində ECO-nun 2025-2036-cı illər fəaliyyət planının formalaşdırılmasında gənclərin iştirakçılığının artırılması dəstəklənib.

10:18

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu keçirilir.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən tədbir “ECO Həftəsi” çərçivəsində baş tutur.

Bildirilib ki, forumun əsas məqsədi gənclərin İƏT regionunun gələcəyinin qurulmasında iştirakını gücləndirmək və onların ideyalarını təşkilatın yeni inkişaf strategiyasına daxil etməkdir.

Tədbir gənclərin dayanıqlı inkişaf, iqtisadi inteqrasiya və innovasiya sahələrində fəal rolunu təşviq edəcək, həmçinin onların qərarqəbuletmə proseslərinə cəlb olunmasına töhfə verəcək.

Məlumata görə, forumda iqtisadi və ticarət əməkdaşlığı, dayanıqlılıq və texnologiya, insan kapitalı və digər mövzular müzakirə olunacaq.

Həmçinin forum gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.

Foto: Mircavid Eminoğlu

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More