Ağdamda ECO Gənclər Forumu çərçivəsində “Yüksək Səviyyəli Perspektivlər: “Regional inkişafda gənclərin rolu” mövzusunda panel müzakirə keçirilib.
“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarovanın moderatorluğu ilə baş tutub.
Müzakirədə Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin birinci müavini Soyuzbek Nadyrbekov, ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi, ECO Elm Fondunun rəhbəri Sayed Komail Tayabi, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov və ECO-nun Özbəkistandan olan Gənclər Nümayəndəsi Şahnozaxon Raxmanova iştirak ediblər.
XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov çıxışında Azərbaycanın COP29 çərçivəsində Qlobal Bakı Təşəbbüsü ilə çıxış etdiyini xatırladaraq qeyd edib ki, bu təsəbbüş iqlim müqaviməti ilə bağlı insan kapitalının formalaşdırılması məqsədindən qaynaqlanır:
“Biz Bakı bələdçi Prinsiplərini yazıb hazırladıq. Bununla bağlı BMT və daha bir neçə beynəlxalq təşkilatla birgə bəyanat qəbul etdik. Bakıda qəbul olunmuş prinsiplər digər ölkələr tərəfindən təsdiqlənir. Bundan başqa, biz iqlim maliyyəsi və sərmayə investisiya təşəbbüsünü irəli sürmüşdük. Bu, keçid dövrü ölkələri üçün önəmlidir. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çağırışların dəstəklənməsi üçün Asiya İnkişaf Bankından dəstək ala bilər. Bu həmin təşəbbüslərin dəstəklənməsi baxımından əhəmiyyətlidir”.
ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi isə təhsildə müasir çağırışlardan bəhs edərək bildirib ki, xüsusilə, sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır:
“Bu alətlər gənclərin təhsilə cəlb edilməsində böyük şansdır. Biz çalışmalıyıq ki, ən bacarıqlı gəncləri irəli çəkək. Gələcəyimiz təhsilsiz mümkün deyil. Gənclərin təhsil alması onların dünyada baş verən hadisələri dərk etmələri baxımından vacibdir”.
Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov Forum iştirakçılarına çağırış edib. “Gəlin, elə edək ki, Ağdamda keçirilən Gənclər forumu ideyaların başlanğıcına çevrilsin”.
Panel müzakirələrlə davam edib.
Foto: Mircavid Eminoğlu





Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.