Pakistan iyul ayında BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.
“Report”un ABŞ bürosu xəbər verir ki, bu münasibətlə Pakistanın BMT-dəki daimi nümayəndəsi, səfir Asim İftixar Əhməd Nyu-Yorkda BMT-nin mənzil-qərargahında jurnalistlər üçün mətbuat konfransı keçirib.
Səfir Pakistanın sədrliyi dövründə TŞ-nin əsas gündəm mövzularını açıqlayıb və media nümayəndələrinin suallarını cavablandırıb.
O, bildirib ki, iyulun 22-də çoxtərəfli diplomatiya və dövlətlərarası münaqişələrin dinc yolla həlli vasitəsilə beynəlxalq sülh və təhlükəsizliyin təşviqinə dair yüksək səviyyəli açıq debat keçiriləcək. İclas Pakistanın baş nazir müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Darın sədrliyi ilə baş tutacaq.
Diplomat əlavə edib ki, iyulun 24-də TŞ-də BMT ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığa həsr olunmuş xüsusi brifinq keçiriləcək. Bu görüş də Pakistanın Baş nazir müavini və xarici işlər nazirinin rəhbərliyi ilə baş tutacaq. İclasda İƏT-in 57 üzv dövləti və dörd qitəni əhatə etməsi, habelə təşkilatın humanitar yardım, münaqişələrin qarşısının alınması və dialoqun təşviqindəki roluna diqqət yetiriləcək. Tərəflər bu əməkdaşlığı daha da institusional və davamlı hala gətirməyi müzakirə edəcəklər.
O, əlavə edib ki, iyulun 23-də Yaxın Şərq, xüsusilə Fələstin məsələsinə həsr olunmuş rüblük debat keçiriləcək. Bu görüşün nazirlər səviyyəsində keçirilməsi də nəzərdən keçirilir.
Pakistan TŞ-nin Fələstin xalqının qorunması, beynəlxalq humanitar hüququn tətbiqi və dərhal atəşkəsə çağırışla bağlı məsuliyyətini vurğulayıb.
Ay ərzində TŞ-nin gündəmində olan digər mühüm məsələlərə Kolumbiya, Kipr, Sudan, Suriya, Livan (1701 saylı qətnamə çərçivəsində), Yəmən və Haiti üzrə iclaslar daxildir. Habelə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə bağlı yeniliklər və vəziyyətə dair müzakirələr keçiriləcək.
Səfir əlavə edib ki, Afrika, Orta Şərq və Asiyada baş verən hadisələrə uyğun olaraq TŞ fövqəladə iclaslar keçirməyə hazırdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.