Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Mina təhlükəsi ilə mübarizədə beynəlxalq dəstəyə ehtiyac var

İndiyədək işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 25 kütləvi məzarlıqdan 179 nəfərin qalıqları müəyyən olunaraq ailələrinə təhvil verilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

“Bu məzarlıqlar təkcə keçmişin izləri deyil, onlar törədilmiş vəhşiliklərin danılmaz sübutudur. Cəzasızlıq davam etdikcə, nə ədalət, nə də dayanıqlı barış mümkündür”, – səfir qeyd edib.

O, 1980-ci illərin sonlarında Ermənistandan Azərbaycana sığınan 300 minə yaxın azərbaycanlının taleyinə toxunub: “Bu insanlar etnik kimliklərinə görə ya qətlə yetirildi, ya da şikəst edildi. Bu cəzasızlıq 1990-cı illərdən bu günə qədər davam edən daha genişmiqyaslı vəhşiliklərə yol açdı”.

T.Musayev əlavə edib ki, həmin vəhşiliklər nəticəsində on minlərlə mülki azərbaycanlı həyatını itirib, genişmiqyaslı etnik təmizləmə aparılıb, Azərbaycanın tarixi və mədəni irsi sistemli şəkildə məhv edilib: “Münaqişə başa çatsa da, qaçqınların doğma yurdlarına dönüşü hələ də mümkün deyil. Səbəb ərazilərin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. Hətta qəbiristanlıqlar və mədəni abidələrin ətrafı belə minalanıb”.

O bildirib ki, mina təhlükəsi təkcə humanitar deyil, həm də hüquqi və siyasi məsuliyyət tələb edən bir məsələdir və beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

Diplomat çıxışında, həmçinin 4 minə yaxın itkin azərbaycanlının taleyinin hələ də naməlum olduğunu qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More