Gürcüstan parlamentində keçirilən növbədənkənar sessiyanın plenar iclasında “Gürcüstan Naminə” partiyasının 12 üzvünün deputat mandatına vaxtından əvvəl xitam verilməsi məsələsi dəstəklənib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumat parlamentin Prosedur Məsələləri Komitəsi yayıb.
Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının 2024-cü il parlament seçkiləri ilə bağlı yekun protokoluna əsasən, seçki baryerini keçmiş partiyalar sırasında yer alan “Gürcüstan Naminə” partiyası parlamentdə 12 mandat əldə edib, lakin deputatlar bu yerlərdən istifadə etməyiblər.
Komitənin açıqlamasına görə, adıçəkilən partiyanın nümayəndələri yaz sessiyası çərçivəsində keçirilmiş bütün 26 iclasda iştirak etməyiblər və bu, əsassız səbəb kimi qiymətləndirilib.
Gürcüstan parlamentinin reqlamentinə əsasən, əgər bir deputat növbəti sessiyanın iclaslarının yarıdan çoxunu üzrsüz səbəbdən buraxarsa, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi gündəmə gətirilə bilər.
Bununla əlaqədar parlamentdə hər 12 deputat üzrə fərdi qaydada səsvermə keçirilib və nəticədə onların hamısının deputat səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.