Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları İsrail ərazisinə raket zərbəsi endirərək, Tel-Əvivdəki Ben-Qurion hava limanına hücum ediblər.
“Report”un məlumatına görə, bu barədə husilərə məxsus “Al Masirah” televiziya kanalının efirində üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.
“Yəmən silahlı qüvvələrinin raket qoşunları işğal olunmuş Yaffa rayonundakı (Tel-Əviv – red.) Ben-Qurion hava limanına “Fələstin-2″ hipersəs ballistik raketi ilə hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat uğurla hədəfinə çatıb”, – deyə “Ənsar Allah” nümayəndəsi bildirib.
Onun sözlərinə görə, zərbə nəticəsində hava limanının fəaliyyəti dayandırılıb.
Saria həmçinin bildirib ki, Yəmən üsyançıları üç pilotsuz uçuş aparatı vasitəsilə İsrailin Aşkelon, Tel-Əviv və Eylat şəhərlərindəki “həssas obyektlərə” hücum ediblər.
Daha əvvəl İsrail ordusu Yəməndən buraxılan raketin ələ keçirildiyini bildirib. Ölkənin bir neçə rayonunda sakinləri raket təhlükəsi barədə xəbərdar edən hava həyəcanı siqnalları səslənib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.