Kaliforniyanın başçılıq etdiyi iyirmi ştat ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb, Səhiyyə Nazirliyinin şəxsi tibbi məlumatları Daxili Təhlükəsizlik Nazirliyinə və İmmiqrasiya Xidmətinə (ICE) ötürməsi qərarına etiraz ediblər.
“Report”un xarici mediaya istinadən məlumatına görə, bu barədə ştatın baş prokuroru Rob Bontanın mətbuat xidməti məlumat yayıb.
“Kaliforniya Baş Prokuroru Rob Bonta bu gün çoxkomponentli (20 ştat) koalisiyanın başında iddia qaldırıb, ABŞ Səhiyyə Nazirliyinin şəxsi tibbi məlumatlara Daxili Təhlükəsizlik Nazirliyinə, o cümlədən İmmiqrasiya Xidmətinə (ICE) məhdudiyyətsiz giriş təmin etmək qərarına etiraz edib”, – onun bəyanatında deyilir.
Koalisiyaya Kaliforniya ilə yanaşı, Nyu-York, İllinoys, Massaçusets, Miçiqan və Vaşinqton kimi ştatlar daxildir.
İddiaçıların fikrincə, tibbi məlumatların kütləvi ötürülməsi HIPAA (ABŞ-ın tibbi sığorta daşınabilirliyi və hesabatlılığı haqqında qanun) da daxil olmaqla federal məxfilik qanunlarını pozur və insanları təcili tibbi yardım üçün müraciət etməkdən çəkindirə bilər ki, bu da həssas qruplar arasında sağlamlığın pisləşməsinə və hətta ölüm hallarına səbəb olacaq.
İddiada ABŞ hakimiyyətinin toplanmış məlumatlardan sosial təminat qanunu və Məxfilik Aktı da daxil olmaqla bir sıra federal qanunlara zidd olan kütləvi deportasiya bazası yaratmaq üçün istifadə etmək niyyətində olduğu bildirilir.
İddiaçılar məhkəmədən administrasiyanın hərəkətlərini qanunsuz hesab etməsini və immiqrasiya nəzarəti məqsədləri üçün məlumatların ötürülməsini bloklaymasını xahiş edirlər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.