Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.

“Report”un ABŞ bürosu xəbər verir ki, Estoniya, Latviya və Litva artıq BMT-yə rəsmi bildiriş təqdim edib, Finlandiya və Polşanın yaxın günlərdə müvafiq sənədləri təqdim edəcəyi gözlənilir.

“Human Rights Watch” təşkilatı bu addımı əsassız adlandıraraq, silahların fərq qoyulmadan insanlara zərər verdiyini və illərlə təmizlənməyən mina sahələrinin mülki əhaliyə təhlükə yaratdığını bildirib.

Bu qərar Rusiya və Ukraynanın piyada əleyhinə minalarından istifadənin artırdığı bir dövrə təsadüf edir. Rusiya müqaviləyə qoşulmayıb və 2022-ci ildən etibarən Ukraynada geniş miqyasda minaları tətbiq edir.

Ukrayna da 2022-dən bəri minalardan istifadə etdiyini etiraf edib və 2024-cü ildə ABŞ-dan mina aldığı məlum olub.

Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin müqavilədən çıxması üçün fərman imzalayıb. Lakin müharibə şəraiti müqavilədən çıxışı hüquqi baxımdan müvəqqəti olaraq mümkünsüz edir.

Qərara beynəlxalq reaksiya sərt olub. BMT-nin baş katibi Antoniu Quterreş bu addımı mülki müdafiəni zəiflədən bir təhlükə kimi dəyərləndirib. Nobel mükafatı laureatları və bir çox beynəlxalq qurumlar müqavilənin qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Mina Qadağası Müqaviləsi 1997-ci ildə Kanadanın Ottava şəhərində qəbul olunub və 1999-cu ildə qüvvəyə minib. Bu sənəd piyada əleyhinə minaların istifadəsini, istehsalını, saxlanmasını və ötürülməsini qəti şəkildə qadağan edir. Hazırda 166 ölkə müqaviləyə qoşulub. Müqaviləyə qoşulmayan böyük dövlətlər arasında Rusiya, ABŞ və Çin var.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More